
- Sizcə, DÇ-2014-ün ən yaxşı futbolçusu kimdi?
- Demək olar ki, bütün görüşləri izləmişəm. Gördüklərimə əsasən, deyə bilərəm ki, bu, Almaniya millisinin qapıçısı Manuel Noyerdir. Birmənalı! Noyerin oyunu məndə inanılmaz təəssürat oyatdı. O, özünə əmindir, çox etibarlıdır və cərimə meydanından irəli çıxaraq, ayaqları ilə gözəl oynayır. Üstəlik, öz müdafiəçilərinə əla kömək edir. Xatırlamıram ki, əvvəllər hansısa qolkiperin belə hərəkət radiusu olsun.
- Bəs Messi?
- Məncə, o, ən yaxşı futbolçu adına çata bilmir. Bəli, komandanı arxasınca aparır. Bəli, həlledici qolları vurur. Amma daha səmərəli oynaya bilər. Hollandiya - Argentina matçı xoşuma gəlmədi. Hər iki rəqib xeyli ehtiyatlanır, səhv etməkdən qorxurdu. Messi isə demək olar ki, nəzərə çarpmırdı, onu sıx örtmüşdülər. Fikrimcə, belə bir səhnə finalda da olacaq. Bu, mənim fikrimdir. Hərçənd, tam qəbul edirəm ki, dünya çempionatının ən yaxşı futbolçusu qalib komandadan kimsə olacaq.
- "Marakana"da necə bir final gözləyirsiniz?
- Parlaq, yaddaqalan, qollu. Almaniya və Argentinanın bazar günü gözəl oyun sərgiləmək üçün hər şeyləri var. Yeri gəlmişkən, yəqin ki, Messinin də xüsusi motivasiyası olacaq. Bəlkə də onun həyatında ən başlıca oyundur. Argentina qalib gəlsə, insanlar daha Messinin yığma ilə heç nəyi qazanmadığını deməyəcəklər. Amma yenə deyirəm, mən Noyeri ən yaxşı futbolçu sayıram.