"Qəbələ” klubunun baş məşqçisi Yuri Syominin Sportnet.az-a müsahibəsi.
- "Qəbələ” tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək. Məsul turnir öncəsi komandanızda ciddi islahatlar gözlənilirmi?
- Kollektivdə rəqabəti artırmaq lazımdır, avrokuboklarda uğurla çıxış etmək asan deyil. Əlbəttə, dəyişikliklər qaçılmazdır. Kimlərsə gələcək, kimlərsə gedəcək, bu, futbolun yazılmamış qanunudur. Məsələn, Yanik Kamanan komandamızı tərk etdi. Deməli, onun əvəzinə sanballı futbolçu götürməliyik. Daha bir məqama da diqqətinizi yönəltmək istərdim. "Qəbələ” irəliləyir, indi fərqli səviyyədədir və deməli, daha güclü futbolçulara ehtiyac duyuruq.
- Hədəflərdən danışarkən ikili epizod yaranır: bir tərəfdən Azərbaycan Premyer Liqasında legioner limitinin dəyişdirilməsi Sizi yerli bazarda oyunçu axtarmağa məcbur edirsə, digər yandan avrokuboklarda uğur əldə etmək üçün əcnəbilərə ehtiyac duyulur...
- Əlbəttə, istərdik ki, heyətimizdə daha çox azərbaycanlı futbolçu olsun. Ancaq reallıqla da ayaqlaşmalıyıq. Çalışacağıq ki, hər iki cəbhədə uğurlu olmaq üçün lazımi futbolçuları heyətə cəlb edək.
- İzmaylovun əvəzinə kimisə heyətə cəlb etmək barədə düşünmüsünüz?
- Nəinki Marat, ümumiyyətlə, hələ konkret heç bir yeni oyunçu ilə bağlı planlarımız yoxdur. Qarşıda bizi Azərbaycan Kubokunun final görüşü gözləyir. Bax, həmin oyundan sonra həm gedənlər, həm dəvət olunacaqlar barədə fikirləşməyə başlayacağıq.