"Neftçi”nin futbolçusu Elvin Yunuszadənin Sportnet.az-a müsahibəsi...
- "Partizan”la ilk oyunu necə dəyərləndirərdiniz?
- Serbiyada "Partizan” kimi komandaya qarşı oynamağın asan olmayacağını bilirdik. Ama yenə də pis nəticə eyil. Düzdür, 2:3 hesabı ilə uduzduq, amma bunun bir səbəbi var ki, bəxtimiz gətirmədi. Bu oyunda şans bizim tərəfimizdə deyildi. 5 qolun 4-nü özümüz vurduq. Ne demək olar buna?!
- 2:0 irəlidə olduğunuz halda, 2 qolu öz qapınıza vurmağınıza səbəb nə idi: həyəcan, yoxsa yorğunluq?
- Şans. Sadəcə deyə bilərəm ki, bəxt gətirmədi bizdə. Futbolda belə şeylər olur. Normal qarşılamaq lazımdır. Hələ Bakıda cavab oyunu var. İnşallah, burada istədiyimiz oyunu nümayiş etdirib, lazım olan nəticəni əldə edəcəyik. Bizim buna gücümüz çatır. Özümüzə inanırıq.
- Cavab matçına hazırlıqlar necə gedir?
- Hər şey qaydasındadır, əhval-ruhiyyə yüksək səviyyədədir. Oyuna kimi də tam hazır olub, qrup mərhələsinə keçəcəyik.
- Oyundan sonra məşqçilər korpusu və ya rəhbərlik tərəfindən sizə nəsə dedilər?
- Biz bir ailə kimi yığışıb söhbət edirik, problemlərimizi bölüşürük. Ancaq kimisə danlamaq halları bizdə olmur. Məşqçilər korpusu da, rəhbərlik də bizim kimi düşünürlər ki, bu, hələ son deyil. Bakıda bir qol vursaq bu bizə bəs edir.
- İlk oyunun antiqəhrəmanlarından biri olduğunuza görə, Sizin gələn matçda meydana çıxa bilməmək ehtimalınız var?
- Düşünmürəm. Ancaq yenə də son söz Böyükağa Hacıyevə məxsusdur. O, nə qərar versə, biz hörmətlə yanaşacağıq. Hər bir müdafiəçinin başına gələcək bir haldır. Normal yanaşmaq lazımdır. Heç istəməzdim belə olsun. Qismət...
- 2:0 hesabı ilə öndə olduğunuz halda iki avtoqol və 2:3 hesablı məğlubiyyəti "Neftçi” üçün biabırçılıq saymaq olar?
- Yox. Niyə biabırçılıq olsun ki?! İstəməzdik bunlar olsun. Ancaq qismət belə imiş.
- Tərlan Əhmədovun rəhbərliyi altında çıxış etdiyinizə görə, çoxları səni yığmamızın sabiq müdafiəçisinə bənzətməyə başlayıb…
- (Gülür) Karyeramda ilk avtoqolu vurdum. Məni nə tez Tərlan Əhmədova oxşatdılar?! Bu söhbətə, sadəcə, gülürəm. Futbolçu kimi təki elə Tərlan Əhmədova oxşayım, onun karyerası kimi mənim də karyeram olsun. Buna ancaq sevinərəm.
- "Partizan”la mərhələ adlamaq üçün bir qol bəs edir. Sizin hədəf nədir, sadəcə bir qol vurmaq, yoxsa daha da yaxşısını etmək?
- 1:0 sürüşkən hesabdır. Ona görə, çalışacağıq ki, daha da artığını edək.
- 3 top buraxmaq "Neftçi”nin müdafiyə xəttində olan problemləri aşkar etdi. Çəkinmirsiniz ki, qol vurmağa çalışarkən, qol buraxasınız?
- Bir necə oyunda qapımızdan qol buraxmamışdıq. "Neftçi” açıq futbol oynayan komandadır. Qol vurursansa, buraxmağı da qəbul etmək lazımdır. 3 qola gəlincə, onun 2-ni özümüz, 1-i isə ofsaydan vurulub.
- Topaz Premyer Liqasının III turunda AZAL ilə oyununuz təxirə salındı. Klubun vitse-prezidenti Tahir Süleymanov mətbuata açıqlamasında bu qərarı tənqid edib. Bəs bu qərar siz futbolçuların ürəyincə oldu?
- Belə olubsa, demək, məsləhət imiş. Belə baxanda bizim 3-4 gündən bir oyuna çıxmağa gücümüz var. Yəqin düşünüblər ki, "Partizan”la oyunun əhəmiyyəti daha çoxdur deyə, bu addımı atıblar. 2 il öncə Avropa Liqasının qrup mərhələsində oynayanda üç cəbhədə vuruşurduq. Həm ölkə çempionatı, həm kubok, həm avroliqa. Həmin uşaqlardır, dəyişən bir şey yoxdur. İnşallah yenə qrupa düşsək, üç cəbhədə vuruşmağa gücümüz var.
- Nikolas Kanales yenidən "Neftçi"yə qayıtsa da, əvvəlki formada olmadığı aşkar görünür...
- Kanalesin necə futbolçu olduğu bəllidir. Sadəcə, ona bir az vaxt lazımdır. Komandaya yeni qoşulub. Zamanla yenə o göstərəcək ki, Kanales əvvəlki Kanalesdir.
Röya KƏRİMLİ