Rusiya və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri açıqlanıb. Sportnet.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən məlumatına görə, sentyabrın 3-də Moskvadakı "Ximki Arena"da baş tutacaq qarşılaşmanı Ravşan İrmatovun rəhbərlik etdiyi özbəkistanlı hakimlər briqadası idarə edəcək.
İrmatova Abduhəmidulla Rəsulov və Əlişir Usmanov yan xətt hakimləri qismində yardımçı olacaqlar.
Qeyd edək ki, Ravşan İrmatov dünya çempionatının final mərhələlərində idarə etdiyi oyun sayında rekordçu sayılır. O, 2010 və 2014-cü il mundiallarında üst-üstə 9 matçın baş hakimi olub. Özbəkistanlı referi Asiya Kubokunun və klublararası dünya çempionatının finallarını, 2012-ci il London Yay Olimpiya Oyunlarında futbol turnirinin oyunlarını idarə edib və dəfələrlə Asiya Futbol Konfederasiyasının ən yaxşı hakimi sayılıb.