
"Qarabağ”
klubu Avropa Liqasının qrup mərhələsinin ev oyunları ilə əlaqədar Bakı
Metropoliteninə müraciət edəcək. Bu haqda sportnet.az saytına klubun baş
direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə
görə ev oyunları saat 22:00-da başlanacağından matç bitdikdən sonra
azarkeşlərin metro ilə evlərinə qayıtmalarında problemlər yarana bilər. Çəlikəl
bildirib ki, metroya giriş saatının gecə saat 12-dən daha gec saatlaradək
uzadılmasını xahiş edəcəklər: "Həm Fransa "Sent Etyen”i, həm Ukrayna "Dnepr”i,
həm də İtaliya "İnter”i ilə ev oyunlarımız saat 22:00-da başlanacaq. Matçların
vaxtının daha erkən saatlara dəyişdirilməsinə UEFA canlı yayım məsələləri ilə əlaqədar
icazə verməyib. Matç saatının dəyişdiriləcəyinə inanmıram. Ona görə də Bakı
Metropoliteninə müraciət edəcəyik ki, oyundan sonra azarkeşlərin metroya
girişində problem yaranmasın”.
Qeyd edək ki, "Qarabağ” ilk ev oyununu sentyabrın 18-də keçirəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüş saat 22:00-da başlayacaq.