
Prezident İlham Əliyev Çinin Nankin şəhərində Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Sportnet.az-ın məlumatına görə, dövlət başçısı olimpiadada millimizin Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayıb.
O, idmançılarımızın uğurlarını böyük qələbə kimi qiymətləndirib. İdmançıları təbrik edən Prezident İlham Əliyev deyib ki, 200-dən çox komandanın iştirak etdiyi Oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir. Prezident İlham Əliyev idmançıların gələcəkdə də böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib.
Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmana göstərilən qayğıya, Bakı ilə yanaşı, bölgələrimizdə də nəhəng idman infrastrukturunun yaradılmasına və idmançılarımıza diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.