
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlaşan Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Sportnet.az-ın məlumatına görə, tədbirin ardından Əliyev mətbuat nümayəndələrinin suallarını cavablandırıb...
- Heyətlə bağlı fikirləriniz maraqlıdır: Güləş həvəskarlarını daha çox olimpiya çempionlarımızın, xüsusən Toğrul Əsgərovun hazırki vəziyyəti maraqlandırır...
- Daşkəndə yollanacaq yığmamızın əksər hissəsi ilk dəfə dünya çempionatında çıxış edəcək. Onlar gənc olmalarına baxmayaraq, artıq bir sıra uğurlara imza atıblar və gənclər arasında istər dünya, istərsə də Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil ediblər. Bu baxımdan, onların dünya çempionatında da uğur əldə edəcəklərinə inamımız böyükdür. Olimpiya çempionlarımıza gəldikdə, Toğrul Əsgərov dizindən əməliyyat olunub. Əməliyyatdan sonra bir müddət bərpa prosesi keçib. Güman edirik ki, Toğrul bu yaxınlarda məşqlərə qatılacaq və növbəti yarışlarda yenidən ölkəmizi uğurla təmsil edəcək. Şərif Şərifov isə öz çəki dərəcəsini dəyişib və artıq 97 kq-da mübarizə aparacaq. Şərifov gələn il Avropa Oyunlarında və 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.
- Son "Qızıl Qran Pri"nin nəticələri yunan-Roma güləşçilərimizin dünyada artıq favorit hesab olunmalarına əsas verirmi?
- Əlbəttə, son yarış və onun nəticələri bizim üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, "Qızıl Qran Pri"ni dünya çempionatına hazırlıq prosesi kimi qiymətləndirmək olar. Lakin sırf yunan-Roma güləşçilərimizin favorit hesab olunmasını qeyd etmək olmaz. Məncə, formalaşdırdığımız heyətin hər bir üzvü favorit sayıla bilər. Yəni, biz yunan-Roma, sərbəst və qadın güləşçilərimizdən ibarət heyət üzvlərinin hər birinə güvənirik və uğurlu nəticə əldə edəcəklərinə əminik.
- Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında daha çox aşağı çəki dərəcələrində olan idmançılarımız uğurlara imza atdı. Lakin hazırda daha çox yuxarı çəki dərəcələrində olan idmançılarımıza diqqət yetirilir. Bu haqda nə deyə bilərsiniz?
- Federasiyamız artıq uzun müddətdir ki, yuxarı çəki dərəcələri ilə bağlı xüsusi proqram əsasında iş aparır. Ölkənin hər bir tərəfində bununla bağlı geniş seleksiya tədbirləri görülür. Lakin bu prosesə paralel olaraq, digər aşağı çəki dərəcələri üzrə potensiallı gənclərimizin cəlb olunmasına diqqət yetirilir. Fikrimcə, son illər idmançılarımızın əldə etdikləri nailiyyətlər hər bir çəki dərəcəsində inkişafın olduğunu deməyə əsas verir.
- Qarşıdaki dünya çempionatında güləşçilərimizin uğurlu çıxışı daha əhəmiyyətlidir, yoxsa əldə olunacaq medal sayı?
- Bizim üçün hər bir turnir növbəti yarış üçün bir növ hazırlıq xarakteri daşıyır. "Qızıl Qran Pri" də qeyd etdiyim bu prosesə daxildir. O cümlədən, Daşkənddə keçiriləcək dünya çempionatı bizim üçün müəyyən mənada gələn il keçiriləcək Avropa Oyunlarına hazırlıq xarakteri daşıyır. Avropa Oyunlarından dərhal sonra isə Las-Veqasda dünya çempionatı baş tutacaq. Bu səbəbdən, düşünürəm ki, dünya çempionatında bizim üçün yüksək səviyyəli çıxış etmək medal sayından daha əhəmiyyətlidir.
- Rövşən Bayramovun yunan-Roma güləşi üzrə yığmamızın tərkibində olmaması ilə bağlı nə deyə bilərsiniz?
- Bayramov "Qızıl Qran Pri"də çıxış edirdi və həmin yarışda yüngül zədə aldı. Bu səbəbdən, məşqçilərimiz Rövşənin əvəzinə digər idmançımızın dünya çempionatına yollanmasını daha məqsədəuyğun hesab etdi. Buna baxmayaraq, Bayramov yüksək potensiallı güləşçidir və növbəti turnirlərdə ölkəmizi layiqincə təmsil edəcək.
Cəfər RZA