
"Oyundan öncə çox böyük təzyiq altında idik. Çünki ilk oyunda İsrailə 2:7 hesabı ilə uduzmuşduq. Bunun əvəzini çıxmaq istəyirdik". Sportnet.az-ın məlumatına görə, bunu İsrail üzərində 3:0 hesablı qələbədən sonra Azərbaycan milli komandasının baş məşqçisi Bernhard Lippert deyib.
O bildirib ki, millimiz istədiyi qələbəni qazansa da, hesab daha böyük ola bilərdi: "İlk oyundakı futbolçular çox biabırçı çıxış etmişdilər. Amma bu matçda onlar daha yaxşı təsir bağışlayaraq, əllərinə düşən imkandan yararlana bildilər. Nəzərə alsaq ki, komandamızda Araz Abdullayev, Qara Qarayev və Elvin Yunuszadə kimi futbolçular da çıxış edə bilərlər. Onlar indi millinin düşərgəsindədirlər. Bütün seçmə mərhələlər ərzində ən çox xalı indi yığdıq. Şəxsən mənim üçün əsas milliyə oyunçu yetişdirmək daha önəmlidir. Bu gün uşaq futbolu da daha yaxşı inkişaf edir".
Qarşıda Portuqaliya ilə daha çətin oyunun olduğunu deyən Lippert növbəti görüşə bundan da ciddi hazırlaşmalarının vacibliyini vurğulayıb. Baş məşqçi nəticənin başqa cür olacağı halda, istefa yox, başqa cür hərəkət edəcəyini açıqlayıb.