Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının İtaliyadakı dünya çempionatının növbəti mərhələsində rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, D qrupunda ilk "4-lüy"ə düşməyi bacaran komandamız A qrupunu ilk eyni mövqelərdə başa vurmuş yığmalarla üz-üzə gələcək.
Bunlar İtaliya, Dominikan Respublikası, Almaniya və Xorvatiyadır. 5-ci turda millimizin rəqiblərinin qrupu məhz hansı mövqedə bitirəcəkləri aydın olacaq. Əsasnaməyə görə, A və D qruplarını ilk 4 pillədə başa vurmuş komandaların növbəti mərhələdə "qızıl xallar"ı saxlanılacaq və yeni E qrupu formalaşdırılacaq. Onlar qrup-qrupa prinsipi ilə öz aralarında oynayacaqlar. Yekunda daha çox xal toplayan 3 komanda digər qrupu eyni mövqelərdə başa vuranlarla birgə "pley-off"a vəsiqə qazanacaq. Oyunlar oktyabrın 1-də, 2-də və 4-də olacaq.
Qeyd edək ki, D qrupundan millimizlə yanaşı, Çin və Yaponiya da növbəti mərhələyə yüksəlib. Bu komandalar Bakı vaxtı ilə saat 19:00-da qrup liderliyi uğrunda görüşdə üz-üzə gələcəklər. 4-cü komanda isə saat 23:00-da başlanacaq Belçika - Puerto Riko matçının ardından bilinəcək.