
AFFA İcraiyyə Komitəsinin (İK) vəfat edən üzvü Ələkbər Məmmədovun yeri yeni prezident seçkisinədək boş qalacaq. Bu barədə Sportnet.az-a İK-in digər üzvü Kazbek Tuayev məlumat verib.
Tuayevin sözlərinə görə, bu addım "Şöhrət" ordenli mərhum veteran futbolçuya hörmət əlaməti kimi atılıb. O, AFFA-nın Nizamnaməsində müvafiq bəndin yer-alıb almadığı ilə maraqlanmadığını söyləyib: "Mən AFFA-nın prezidenti Rövnəq Abdullayevlə baş katib Elxan Məmmədovun sözlərinə əsasən belə deyirəm. Onlar mənim yanımda deyiblər ki, Ələkbər Məmmədovun yerinə heç kim seçilməyəcək. Bu, AFFA-da növbəti prezident seçkisinədək belə davam edəcək. Hesab edirəm ki, düzgün qərardır və futbolumuzda böyük xidmətləri olan şəxsin ruhuna hörmət əlamətidir".
Öz növbəsində AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Sportnet.az-a açıqlamasında məlumatı təsdiqləyib. O deyib ki, AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri konfransda 4 il müddətinə seçilir. Hər hansı üzv komitəni tərk etdikdə onun yerinə yenisi seçilmir, iclaslar isə qalan üzvlərin iştirakı ilə davam etdirilir.
Qeyd edək ki, AFFA-da növbəti prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkisi 2016-cı ildə keçiriləcək.