
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Avropa çempionatının seçmə mərhələsinin İtaliya ilə oyunu öncəsi Palermoda mətbuat konfransı keçirib. Almaniyalı mütəxəssis öncə qarşlaşma haqqında fikirlərini bildirib...
- Böyük həvəslə burda məşq keçirik. Hava da gözəldir. Dənizi görəndə adam həzz alır. Məni tanıyan bilir ki, İtaliya futbolunun dostuyam. Təəssüf ki, sonuncu dünya çempionatında İtaliya pis çıxış etdi. Rəqibin heyətində hansı futbolçuların olduğuna baxanda onların niyə mundialı erkən tərk etməsi təəccüb doğurur. Oyun 90 dəqiqə, hər komandanın 2 üzü olur. Oyunçularım bilir ki, qorxmaq lazım deyil. Ümid edirəm ki, məşqdə etdiklərimizi meydanda da göstərə biləcəyik. Belə matçlardan öyrənmək lazımdır. İtaliya, Almaniya kimi rəqiblərlə oyunlar çox önəmlidir. İngilislərin bir misalı var: oynaya oynaya öyrənmək lazımdır. Biz də belə etməliyik.
- Siz İtaliya ilə tez-tez görüşmüsünüz. İtaliya deyəndə sizin ağlınıza nə gəlir?
- İtaliya deyəndə həmişə texnikalı, sürətli, qələbə qazanmaq istəyən komanda ağlıma gəlir. Fərdi cəhətdən texnika və taktikaları çox güclüdür.
- Mahir Şükürovla Vaqif Cavadovun niyə heyətdə olmaması səbəbi nədir?
- Mən sizə bu haqda ətraflı sonra danışacağam. Amma hər iki oyunçunun fiziki hazırlığı çox aşağı səviyyədədir. Bildiyiniz ki, 2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakıda keçiriləcək. İndidən bunu düşünmək lazımdır. Ona görə də gəncləri belə komandalara qarşı oynatmalıyıq.
- Frankfurtdakı 5 günlük hazırlıq futbolçulara nə verdi?
- Çox şadam ki, bizim orda hazırlıq keçmək imkanımız oldu. Bundan qabaq mən "Qarabağ”ın "İnter”lə oyununa baxmışdım. Onu deyə bilərəm ki, "Qarabağ”ın oyunçuları tam yüksək səviyyədə deyil. Başa düşmürəm ki, Avroliqada oynayan komandanın çempionatda oyunu niyə görə təxirə salınmalıdır? Biz 4 gün sonra Xorvatiyaya qarşı oynamalıyıq.
- İtaliya kimi komandaya qarşı oynayanda futbolçuların dizləri əsməyəcək ki?
- Biz kişiyik. 18 yaşdan sonra kişi sayılırıq. 20-23 yaşında futbolçu qorxa-qorxa meydana çıxırsa, məncə, o başqa idman növünü seçməlidir. Mən 1,67 boyundayam. Amma hündürboy Matsoliyə qarşı oynamaq imkanım olub.
- İtaliya ilə Almaniya ilə arasında DÇ-1970-in yarımfinalındakı görüş haqqında yadınızda nə qalıb?
- Çox pis təəssüratlar qalıb. Almaniyanın bəxti gətirmədi. Hakimlikdə səhv vardı. Amma həmin vaxt İtaliya Almaniyadan güclü idi. Bərabərlik qolunu "Milan”da oynayan Şnelinger vurmuşdu.
- Həmin oyunu yenidən keçirmək istərdiniz?
- Məncə, həmin oyun bu komandalar arasında keçirilən ən böyük matç idi. Kimdən soruşsanız, hamı İtaliya – Almaniya matçları arasında DÇ-70-i göstərər.
- Antonio Konte haqqında nə bilirsiniz? "Borussiya”da çıxış edən Çiro İmmobile haqqında nə deyə bilərsiniz?
- Konte ilə FİFA-nın son konqresində görüşmək imkanımız olub. O, yaxşı məşqçidir. Hollandiya və Norveç üzərindəki qələbələr İtaliyanın yeni üslubda oynamasından xəbər verir. Məncə, İtaliya yeni keçid dövründədir. İmmobileyə gəlincə, o çox yaxşı oyunçudur. Rəqibin cərimə meydançasında topla yaxşı rəftar edir. Almaniya çempionatında onun öyrəşməsi üçün vaxta ehtiyacı var. O Mario Balotellidən fərqli oyunçudur (apasport.az).