Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verən Berti Foqtsun "suedkurier.de"yə müsahibəsi
- Cənab Foqts, saat 12-nin xəbərləri sizin Azərbaycan yığmasının baş məşqçiliyi postundan istefa verdiyini bildirdi...
- Nə? Doğrudan? İnanmıram ki, dünyada və Almaniyada bu qədər hadisə olan yerdə mənim istefam belə mühüm xəbər olsun.
- Siz 0:6 hesablı yenilgidən sonra bu qərara gəldiniz?
- Bəli. Mən artıq Azərbaycan yığmasında işləməkdən təngə gəlmişdim.
- Bakıda Bolqarıstana 1:2 yenildiniz. Palermoda İtaliyaya da 1:2 məğlub olmağınıza baxmayaraq, Osiyekdə Xorvatiyaya böyük hesabla uduzdunuz. Avropa çempionatının seçmə mərhələsində ardıcıl 3 yenilgi istefanıza səbəb oldu?
- Bu nəticələr mənim orda daha da çox işləməyimi əngəlləyən situasiyadan yarandı. İtaliyaya qarşı oyundan 3 gün sonra Xorvatiya ilə matça futbolçularda güc qalmamışdı. Bəs niyə? Ona görə ki, ordakı 7 illik fəaliyyətim dövründə futbolçulardan yalnız çox çalışmalı, çox qaçmalı olduqlarını tələb etsəm də, məni eşitməməzliyə vurdular. Avroliqada oyun keçirən komanda ("Qarabağ”ı nəzərdə tutur – red.) 4-5 gün oyun keçirmir. Məşq də olmurdu. Bu üzdən İtaliyaya qarşı oyun üçün məşqlərin bərpası və bütünlüklə hazırlıq zamanı oyunçularda həvəssizlik vardı. Belə davam edə bilməzdim. Ona görə də məntiqli addım atdığımı düşünürəm.
- 2 il əvvəl siz müqavilənizi yenilədiniz. Ona görə ki, Fransadakı Avropa çempionatına 24 yığmanın qatılacağı sizdə final mərhələsinə çıxmaq üçün ümid yaratmışdı?
- Bəli. Ancaq sonra püşkatma zamanı İtaliya, Xorvatiya, Norveç və Bolqarıstan kimi komandalar bizə düşdü. Xorvatiyadakı oyundan sonra 2 köməkçimə - Volfqanq Rolff və Uli Ştayna dedim ki, biz daha orda qala bilmərik.
- Bu ölkədə demək olar ki, 7 illik fəalliyyətdən sonra siz hansı nəticələrə gəldiniz?
- Çox çətin vaxtlarım oldu. Baxmayaraq ki, mənim vaxtımda Azərbaycan yığması dünyanın reytinq sıralamasında 147-ci pillədən 73-ə yüksəldi. Azərbaycanda oynanılan futbol ancaq pul üçündür. Oyunçular futboldan həzz almır. Orda futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı, orda təkmilləşəcəklərini məsləhət görürdüm. Ancaq belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də heç hara getmirdilər. Mən Avropa çempionatının seçmə mərhələsi üçün komandanı gəncləşdirdim. Ancaq şərait eyni olaraq qalırdı. Belə oyunçularla mən çox işləməyi daha istəmədim. Hələ mənim aynada özümə baxan vaxtımdır.
- 2012-ci ildə Oberliqada çıxış edən "Berliner”dən "Sumqayıt”a keçən Pərdis Fərcad-Azada nə oldu? Berlin doğumlu futbolçunun valideynlərinin İran-Azərbaycan kökləri var idi...
- Pərdis Fərcad-Azad 5 aylığa zədələnib. Ona görə də o milli komandada cəmi 3 oyun keçirdi. Onun indi 21 yaşı var. İstedadlıdır, amma mənə qulaq asmadı. Ona demişdim ki, Almaniyaya qayıt, orda daha çox inkişaf edə bilərdi.
- Şotlandiya, Küveyt, Nigeriya və Azərbaycanda artıq çalışmısınız. Yenidən ölkə xaricində başqa milli komandada işləməyə dair planlarınız var?
- Hələ ki, belə bir planım yoxdur. Hazırda heç bir şey etmirəm. Qolf oynamaqdan başqa. Mən qolfda 23 olan handikapımı 17-18-ə yüksəltməyə çalışacağam. Qolf oynayarkən təngə gəlmirəm (apasport.az).