
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandası üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatı keçirilib. Azərbaycan Güləş Federasiyasının (AGF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, idmançılar 500-ə yaxın işçi heyətinin qarşısında bacarıqlarını göstəriblər.
Əvvəlcə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq çıxış edərək, gərgin iş qrafikinə baxmayaraq, nümayişi keçirdiyi üçün AGF-ə minnətdarlığını bildirib. O, sözügedən idman növünün ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayıb.
Ardından AGF-in baş katibi Əjdər Cəfərov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, güləşçilərimizin beynəlxalq arenada qazandığı nailiyyətlər barədə məlumat verib.
Qeyd olunub ki, güləş Azərbaycanın tarixi idman növüdür. Hər il güləşçilərimiz mötəbər beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağımızı dalğalandırırlar.
Daha sonra güləşin tarixi, inkişaf mərhələləri və qaydaları haqda məlumat verilib. Yeniyetmə idmançılar müxtəlif fəndlər nümayiş ediblər. Cari ildə Özbəkistanda təşkil olunan dünya çempionatı və güləşçilərimizin "London-2012” Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş olunub.
Tədbirə toplaşan işçi heyəti arasında "Kim güləşçi olmaq istəyir?” müsabiqəsi keçirilib, qaliblərə Azərbaycan Güləş Federasiyasının adından hədiyyələr təqdim edilib.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının üzvlərinin iştirakı ilə güləş idman növünün təqdimatından sonra federasiyanın baş katibi Əjdər Cəfərov media nümayəndələrinin suallarını cavablandırıb. Tədbirin çox maraqlı keçdiyini deyən Cəfərov güləşin daha da populyarlaşması üçün biz əllərindən gələni etdiklərini açıqlayıb: "I Avropa Oyunlarının məhz paytaxtımızda keçirilməsi böyük bir hadisədir. Biz də yarışlara böyük məsuliyyətlə hazırlaşırıq. Federasiya prezidenti Fazil Məmmədovun əmri ilə Bakı 2015 Avropa Oyunları ilə bağlı proqram hazırlanıb. Bu proqramı uğurla həyata keçirməkdəyik. Əminəm ki, güləşçilərimiz onlara göstərilən diqqət sayəsində yüksək əyarlı medallarla xalqımızı sevindirəcəklər”.
Qeyd edək ki, gələn il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında güləş yarışları Heydər Əliyev adına İdman Konsert Kompleksində olacaq və 6 gün davam edəcək. Burada 480 güləşçi 24 dəst medal uğrunda mübarizə aparacaq.