
Rəhmətlik Baba Pünhan demiş "millət aya raketlə, bizimkilər motosikletlə gedir”. Hər bir klubun onurğa sütunu sayılan 6-7 əvəzolunmaz siması olur. Onlar meydanda olmayanda belə, komandaya ruh verirlər. Mövsüm bitdikdə həmin futbolçuların klubdan ayrılması müzakirə mövzusu belə olmur. Çünki əcnəbi klublar sayılıb-seçilən oyunçuları ilə uzunmüddətli müqavilə bağlayırlar ki, növbəti mövsüm üçün pis vəziyyətdə qalmasınlar və hətta futbolçu getmək istədikdə belə, yüksək həcmdə kompensasiya tələb edə bilsinlər. Bizdə isə 1 illik, uzağı 2 illik müqavilələr imzalanır ki, bu da nəticədə parlaq mövsüm keçirmiş oyunçunu sıralarında saxlamağın qarşısını alır. Bu arada daha bir sitatı "Əhməd haradadır?” filmindən çəkmək yerinə düşər: "Hələ bu harasıdır?”
Dünyada elə bir komanda yoxdur ki, ciddi islahatlardan sonra bunun acısını çəkməsin. Dünyanı qoyaq bir kənara, götürək elə paytaxtımızın "İnter” klubunu. Ötən mövsüm başa çatdıqdan sonra əsas heyətin yarıdan çoxundan imtina edən baş məşqçi Kaxaber Sxadadzenin komandası başa vurmaqda olduğumuz çempionatın startında turnir cədvəlinin zirzəmisində qərarlaşdı. Səbəb də üzdədir: komanda sökülüb yenidən yığılırsa, futbolçular arasında anlaşmanın formalaşması üçün aylar lazımdı. Əlbəttə, futbolçular yaşa dolur və istənilən klubda nəsildəyişmə prosesi qaçılmaz olur. Ancaq bu cür hallar 10-12 ildə bir dəfə baş verdiyi halda, Azərbaycanda demək olar bütün komandalarımızın başına hər il gəlir. Bax buna görə də avrokuboklarda iştirak edən komandalarımız uğur üzünə həsrət qalırlar. Oturuşmuş heyət – gələcək uğurun onurğa sütunudur. Azərbaycan klubları qitəmiqyaslı yarışlara qatılmamışdan öncə özlərini iflic vəziyyətinə salırlar. Nəticədə sanki əlil arabasına əyləşmişlərlə ən müasir mühərrikə sahib avtomobil yarışmaya çıxır. Bəli, 1-2, bəzən isə 3 mərhələ adlamaq mümkün olur. Lakin bunun başlıca səbəbi futbolumuzun inkişaf etməsi deyil. İlkin mərhələlərdə rəqiblərin maliyyə dayaqları o qədər zəif olur ki, hətta "əlil arabası”na əyləşmişlər də onları üstələyə bilir.