"Fransanın yox, Azərbaycanın güləşçisi kimi dünya çempionu olsaydım, həyatımı ömürlük təmin edərdim". Bunu yunan-Roma güləşi üzrə son dünya çempionu Melonen Numonvi Fransa mətbuatına müsahibəsində deyib.
Fransada bütün dövrlərin ən yaxşı güləşçisi
seçilmiş Numonvi bildirib ki, bu il Özbəkistanın paytaxtı Daşkənddə 85 kq çəki
dərəcəsində əldə etdiyi dünya çempionluğu onun həyatında elə də dəyişikliyə
səbəb olmayıb. 32 yaşlı pəhləvanın fikrincə, çempionatın finalında məğlub
etdiyi Saman Təhmasibi Azərbaycanda əsl peşəkarcasına münasibət görür:
"Mənim üçün çardaqda və ya villada yaşamağın fərqi yoxdur. Amma
Azərbaycanda tam başqa dünyadır. Onlar peşəkardırlar və yaxşı əmək haqqı
alırlar. Azərbaycan və Rusiyada güləşçilər bizim tennisçilər qədər qazanırlar.
Dünya çempionatının finalında udduğum Təhmasibi məndən yaxşı yaşayır. Belə
uğurlar onların həyatlarını dəyişdirir".
Hazırda Fransada güləş üzrə cəmi 3 dünya çempionu
olsa da, Numonvi deyir ki, ölkəsində bu növ çox acınacaqlı durumdadır. Amma o,
ruhdan düşməyəcəyini və yenə yüksək nailiyyətlər üçün mübarizə aparacağını
əlavə edib.
Qeyd edək ki, Melonen Numonvi güləşlə doğulduğu
Toqoda məşğul olmağa başlayıb. Onu babası Parisə gətirərək, məktəbə yazdırıb. Numonvi
2009-cu ildə dünya çempionatının gümüş, 2006, 2007 və 2013-cü illərdə Avropa
çempionatının bürünc medalını qazanıb. (Report.az)