Dekabr ayında ilə yekun vuran tədbirlərin keçirilməsinə artıq adət etmişik. Bu gün keçirilən belə bir tədbirə "Qəbələ İK” qəzetinin əməkdaşı kimi dəvətli idim. İdman Araşdırmalar Mərkəzi (İAM) keçirdiği sorğunun nəticələrinə əsasən ayrı-ayrı nominasiyalar üzrə ilin qaliblərinin təntənəli mükafatlandırma mərasimi Azərbaycan idman ailəsinin bir qrup nümayəndəsini bir araya gətirdi. İAM-ın sədri Elşən Məmmədovun təşkilatçısı, tanınmış həmkarım Sənan Şəfizadənin aparıcısı olduğu tədbirdə bir çox dəyərli dostlarla, hörmətli idman xadimləri ilə görüşmək imkanı qazandım. Tədbirin məndə doğurduğu müsbət təəssüratları, diqqətimi çəkən məqamları sizlərlə bölüşmək istədim.
Keçmiş iş yoldaşımın sevincinə şərik
Əvvəla, bütün qalibləri səmimi qəlbdən təbrik edirəm. İnsan nə qədər təvazökar olsa da, fərdi mükafatın sahibi olmaq həmişə özü üçün çox sevindirici olub. Təbii ki, insan əməyinin qiymətləndirilməsi vacib məsələdir. Nominasiya qaliblərinin buna layiq olduqlarına şübhə etmirəm. İdmançıların, futbolçuların fərqlənməsinə böyük pay sahibi olan jurnalistlər özləri fərqlənərkən hansı hisslər keçirməsi isə şəxsən mənə yaxşı tanışdır. Bunu ən azı öz şəxsi təcrübəmə (2011-ci ildə Peşəkar Futbol Liqasının keçirdiyi sorğuya əsasən ən yaxşı elektron KİV nümayəndəsi) əsasən deyə bilərəm. Yeri gəlmişkən, 3 il öncə mənim kimi təltif olunan media nümayəndələrindən biri, onda ən yaxşı qəzet yazarı seçilən Natiq Muxtarlı bu dəfə ilin idman jurnalisti oldu.
Fərqlənən digər həmkarım Nurlan Ibrahimov isə vaxtilə bir yerdə işlədiyimdən, onun bacarığına, insani keyfiyyətlərinə daha yaxşı bələdəm. Jurnalistikada ilk addımlarını "Futbol-plus Qəzeti”nin redaksiyasında, bizimlə bir otaqda atan, indi isə "Qarabağ”ın üzvü kimi ən yaxşı mətbuat katibi seçilən İbrahimovun uğuruna keçmiş iş yoldaşı kimi çox sevindim. Nurlan, öz aramızdır, mükafatı futbolumuzun "professor”u Mahmud Qurbanovdan almağın da öz yeri var.
Futbolun hegemonluğu
Əbəs yerə deyilmir ki, idmanın "şah”ı futboldur. Nəticədən asılı olmayaraq, azarkeşlərin bu idman növünə sevgisi hədsizdir. Elə İAM-ın tədbirində də futbolun öz hegemonluğunu nümayiş etdirməsinə canlı şahid olduq. Təsadüfi deyil ki, nominasiyaların çoxunda fərqlənənlər futbola bağlı insanlar idi. Hətta ilin ən yaxşı əcnəbi idmançısı da, bizə Sənan Şəfizadə demişkən, 14 saniyəlik 1/16 finala vəsiqə sevinci yaşadan futbolçu – "Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda oldu.
Çempiondan çempiona çempionluq kəməri
Son illərdə tez-tez ən yaxşı məşqçi seçilən Qurban Qurbanovun yenə qalib olacağı heç kimdə şübhə doğura bilməzdi. "Qarabağ”ı uzun fasilədən sonra çempion edən, ən əsası, Avropa Liqasının qrup mərhələsinə çıxaran və demək olar pley-offa da yüksəldən 42 yaşlı mütəxəssis bu dəfə birdən-birə 2 mükafat aldı. Məsələ ondadır ki, sorğuda iştirak edən 41 nəfərin hamısı ən yaxşı məşqçi kimi yekdilliklə Qurban Qurbanovu göstərmişdi. Bu isə mütləq qalib demək olduğundan, səbəbkara üzərində bu yazılan çempionluq kəməri hədiyyə olunması yaxşı, fərqli ideya kimi diqqətimi çəkdi. Kəməri təqdim etməyə peşəkar boskçumuz Fariz Məmmədovdan yaxşı namizəd ola bilməzdi. Elə bu il Avropa çempionu titulu kəmərini belinə taxan Fariz bu dəfə özü qalibi mükafatlandırdı. Bu kəmər həm də digər məşqçilərimiz üçün yaxşı stimuldur. Yəni onlar da belə fərqli mükafata sahib çıxmaq üçün mütləq qalib olmağa motivasiya olacaqlar.
Ümid sonda ölür
Qurban Qurbanov mükafatlandırılandan sonra tədbirə dəvət olunan futbol mütəxəssisinin hamısının bir yerdə xatirə şəkli çəkdirməsi həmkar birliyinə yaxşı nümunədir. Böyükağa Hacıyevin öz çıxışında gənc həmkarını təbrik edərkən, onunla fəxr etdiklərini qeyd etməsi diqqətiçəkən oldu. Yəni bütün məşqçilərimiz bir-birlərinin uğuruna səmimi qəlbdən sevinməlidir.
Bu ilin komandası seçilən, hakim haqsızlığı üzündən qrupda qalan "Qarabağ”ın üzvləri pley-offdan kənarda qalmaları ilə barışmırlar və ədalətin bərqərar olunacağına ümidlərini itirmirlər. Buna mükafatı alan komandanın vitse-kapitanı Namiq Yusifovun zəruri qeydindən sonra bir daha əmin oldum. Uzun müddətdir Ağdam klubunun şərəfini qoruyan yarımmüdafiəçi fevralın 5-də keçiriləcək məhkəməni gözlədiklərini xatırlatmaqla, UEFA-nın haqq-ədaləti bərpa edəcəyinə inandıqlarını qətiyyətlə bəyan etdi.
Bəli, ilə yekun vuran daha bir tədbir tarixin yaddaşına köçdü. Əsas təşkilatçı Elşən Məmmədova, ümumiyyətlə, tədbirdə əməyi keçənlərin hər birinə minnətdarlıq edirəm. Belə mərasimlər diqqət mərkəzində olduğundan onun keçirilməsini gözləməyə, qalib olmaq xəbərinin intizarında olmağa həmişə dəyər…
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |