
AFFA İspaniya Futbol Federasiyasından məktub alıb. Qurumun baş katibi Elxan Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, sənəddə hazırda "Qranada"nın formasını geyinən Eddi İsrafilovun əvvəllər İspaniyanın heç bir yığmasında çıxış etmədiyi təsdiqlənib.
O bildirib ki, baş məşqçi Robert Prosineçki dəvət edəcəyi halda, E.İsrafilovun Azərbaycan yığmasına gəlişi üçün heç bir problem qalmayıb: "Eddi indiyədək İspaniya yığmasında oynamayıb. Ona görə də tam hüququ var ki, millimizdə çıxış etsin. İspaniya Futbol Federasiyasından da təsdiq məktubu almışıq ki, İsrafilov indiyədək heç bir yoldaşlıq, rəsmi, qeyri-rəsmi və aşağı yaş qrupları üzrə oyunlarda bu ölkənin adından çıxış etməyib".
Qeyd edək ki, Eddi İsrafilovun martın 28-də Azərbaycan millisinin Malta ilə Bakıda keçirəcəyi AVRO-2016-nın seçmə qrup matçına dəvət alacağı gözlənilir.
