"Cavidin "Elazığspor”dan uzaqlaşdırılması ilə bağlı yayılan xəbərlər doğrudu. Onun sərgilədiyi oyundan razı deyildik”. Bunu Türkiyənin "Elazığspor” klubunun baş məşqçisi Ümit Özat deyib.
39 yaşlı çalışdırıcı Azərbaycan yığmasının üzvü Cavid İmamverdiyevin "Elazığspor”dan qovulması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Qısaca danışan məşqçi bildirib ki, həmyerlimizin PTT I Liqa klubundan kənarlaşdırılması şayiə deyil: "Cavidin çıxışından razı qalmadığımız üçün heyətdən uzaqlaşdırılıb. Düzdü, komandaya xeyri dəydi. Amma ondan istədiyimiz oyunu tam olaraq, ala bilmədik. Buna görə də, raportuma əsasən, rəhbərlik onu komandadan uzaqlaşdırmağa qərar verdi. Bu gün axşam və ya sabah Cavidin özünə məlumat veriləcək”.
Qeyd edək ki, Cavid İmamverdiyevlə yanaşı, daha 2 futbolçu – Fabio Bilika və Franko Kangele də "Elazığspor”dan qovulub (apasport.az).