
2022-ci ildə keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin yeri və vaxtı açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç qurumun rəsmi saytına açıqlama verib.
O bildirib ki, dünya şahmat tacı uğrunda növbəti görüşün iştirakçısını müəyyən edəcək turnir iyunun 16-dan iyulun 7-dək İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq.
Hazırda 6 şahmatçı İddiaçılar Turnirinə vəsiqə qazanıb. Onların arasında Azərbaycan təmsilçisi Teymur Rəcədbov da var. Digər qrossmeysterlər - rusiyalı Sergey Karyakin və Yan Nepomnyaşi, ABŞ-dan olan Fabiano Karuana, polşalı Yan-Kşiştof Duda və Fransanı təmsil edən Alireza Firuzcadır. Son iki iştirakçı Qran-prinin nəticələrinə görə müəyyənləşəcək.
Qeyd edək ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlsendir. İddiaçılar Turnirinin qalibi məhz onunla şahmat tacı uğrunda görüşdə qarşılaşacaq.