"Demək olar ki, bizim şahmatçılar Avropa çempionatında medal kürsüsünü tutdular".
Sportnet.az-ın xəbərinə görə, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov jurnalistlərə açıqlamasında deyib.
60 yaşlı funksioner Azərbaycanın qadın şahmatçılarının Çexiyanın paytaxtı Praqada keçirilmiş fərdi Avropa çempionatındakı uğurundan danışarkən Olimpiadadakı nəticəni də vurğulayıb: "Mən Şahmat Olimpiadası və qadınlar arasında fərdi Avropa çempionatını bir-birindən ayıra bilmərəm. Hindistanın Çennay şəhərində keçirilən Olimpiadada çox uğurlu çıxış etdik. Hətta son turadək çempionluq şansımız vardı. Son turun 2 saatı keçəndən sonra elə bilirdik ki, çempionuq. Vaxtından əvvəl sevinmişdik. Olimpiada çox ağır turnir idi".
O bildirib ki, Avropa çempionatında güclü şahmatçılar iştirak edib: "Bu, güclülərin iştirak etdiyi samballı yarış idi. Belə yarışda uğurlu çıxış etməyin qiyməti daha dəyərlidir. Qızlarımızın hər biri yaxşı çıxış etdi. Reytinq xallarını artırdılar. Məsələn, Ləman Hacıyeva öz xalını rekord səviyyədə – 95,6 xal qaldırdı".
O, polşalı Avropa çempionu Monika Soçko ilə görüşdə hər 3 Azərbaycan şahmatçısının qələbəyə yaxın olduğunu bildirib: "Sevindirici haldır ki, biz Avropa çempionatından ilk dəfə medalla qayıdırıq. Gücləndirici fakt odur ki, bu, 2 medaldır. Faktiki demək olar ki, bizim şahmatçılar medal kürsüsünü tutdular. Əlbəttə, birinci yerə çıxmaq şansımız vardı. Həm Günay Məmmədzadə, həm Gülnar Məmmədova, həm də Ülviyyə Fətəliyeva Avropa çempionu olan Monika Soçko ilə görüşdə xeyli üstünlüyə malik idilər. Müəyyən məqamda onların şahmat bəxtləri gətirmədi".
M.Məmmədovun sözlərinə görə, qadın şahmat millisinin uğurları hələ qabaqdadır: "Bu başqa cür də ola bilməz. Çünki dövlətimiz tərəfindən qayğı görürlər. Onlar üçün xaricdən güclü mütəxəssislər cəlb olunur və həmin şəxslər Şahmat Federasiyası ilə müqavilə əsasında işləyirlər. Xanım şahmatçılarımız da çox həvəslə öz işlərinə maraq göstərirlər. Ona görə də bir daha bütün şahmatsevərləri təbrik edirik. Qadın şahmatçıların görünməmiş uğuru bizdə gələcəyə nikbin əhval-ruhiyyə yaradır".
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın 7 qadın şahmatçısı mübarizə aparıb. Bunlardan Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva bürünc medal qazanıb.