"Əminəm ki, Şuşada ilk beynəlxalq şahmat yarışı heç vaxt unudulmayacaq".
Sportnet.az-ın məlumatına görə, bunu "Shusha Chess 2022" beynəlxalq turnirində iştirak edən Azərbaycanın qadın şahmatçısı Gövhər Beydullayeva yarışın rəsmi saytına açıqlamasında deyib.
Milli komandanın üzvü turnirin gərgin mübarizə şəraitində keçdiyini bildirib: "Burada maraqlı mübarizə izləyirik. Kifayət qədər gərgin qarşılaşmalar var. Klassik şahmat olmadığı üçün əvvəlcədən oyun barədə danışmaq çətindir".
Təşkilatçılığı yüksək qiymətləndirən Beydullayeva turnirin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: "İlk dəfə keçirilməsinə baxmayaraq, təşkilatçılıqda problem görmədim. Şahmatçılara lazımi şərait yaradılıb. Əcnəbilər təşkilatçılıqdan razıdırlar".
Onun sözlərinə görə, Şuşada insan təkcə şahmat barədə düşünmür: "Şəhər hər birimizə çox maraqlıdır. Yarışın reallaşmasında əməyi olan bütün təşkilatçılara çox sağ ol deyirik. Şuşada şahmat turnirlərinin tez-tez olmasını arzulayırıq".