Şahmat üzrə Azərbaycan millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirib.
Sportnet.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb - 2,5:1,5.
IV turda isə Polşanı sınağa çəkən Azərbaycan yığması sülhə razılaşıb - 2:2.
Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.