Azərbaycan milli komandasının sabiq kanoeçisi Sergey Bezuqlıy İrandan "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi ilə təxliyə olunanlar sırasında olub.
Sportnet.az-ın məlumatına görə, bu barədə veteran idmançının özü "AZƏRTAC"a açıqlamasında bildirib.
Bezuqlıy hazırda İranda vəziyyətin çox pis olduğunu söyləyib: "Mən Tehranda idim, orada avarçəkmə üzrə milli komandada məşqçi işləyirəm. Ölkədəki mövcud vəziyyəti nəzərə alaraq, İranı tərk edib daha təhlükəsiz bir yerə getmək qərarına gəldim. Vəziyyət çox çətindir. Davamlı hava zərbələri, dağıntılar olur. Müharibədir, ona görə də hər şey çox pisdir".
Ukrayna vətəndaşı Azərbaycanı çox sevdiyini vurğulayıb: "Yeddi il Mingəçevirdə yaşamışam. Çox mehriban xalqsınız. Ürəyim həm İrana, həm də Azərbaycana məxsusdur. Hakimiyyət orqanlarının tez reaksiya verməsi, əcnəbilər və azərbaycanlılar üçün sərhədi açması çox xoşdur. Sərhəd-buraxılış məntəqəsi çox yaxşı işləyir. Heç bir problem yoxdur”.
Xatırladaq ki, Sergey Bezuqlıy 2008 - 2012-ci illərdə həmyerlisi Valentin Prokopenko ilə birlikdə Azərbaycan millisində çıxış edib. Onlar 2010-cu il Avropa çempionatında 2 nəfərlik kanoe qayığı ilə 500 metr məsafəyə yürüşdə qızıl medal qazanıblar. Avropa və dünya çempionatlarında, eləcə də Dünya Kuboku mərhələlərində mükafatçılar sırasına düşən cütlük London-2012 Yay Olimpiya Oyunlarında 4-cü yeri tutub.












































































