
"Şəki" basketbol komandasının baş məşqçisi Bedri Meriç IV turun "Gəncə" ilə oyunundan əvvəl klubun mətbuat xidmətinə müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir:
– Çempionatda milli komanda və COP29 tədbiri ilə bağlı təxminən 1 aylıq fasilə yaranmışdı. Bu fasilə komandaya nə dərəcədə kömək oldu?
– Təəssüf ki, bu fasilə bizə çox yaxşı gəlmədi. Çünki 2 legioner oyunçumuz və yerlilərdən Əbdülmətin Quliyev zədə problemləri ilə üzləşdi. Ərcan Donat onsuz da milli komandanın düşərgəsində olduğundan, bizimlə birgə məşq keçə bilməmişdi. Ağır zədədən qayıdan 2 basketbolçumuzu "Gəncə" ilə matçda oynatmağa çalışacağıq. Ancaq onlardan nə dərəcədə faydalanacağımızı bilmirəm. Təbii ki, buna baxmayaraq, "Gəncə"yə qarşı məşqlərimizi keçmişik.
– Növbəti rəqibimiz olan "Gəncə" B qrupunun lideridir. Bu komanda haqda nə deyə bilərsiniz?
– Məncə, "Gəncə" nəinki B qrupunun, ümumilikdə çempionatın ən güclü komandalarından biridir. Oyunçuları çox səviyyəli, çox güclüdür. Baş məşqçi Halil Atlını Türkiyədən tanıyıram. Sevdiyim bir məşqçidir. Onunla arada bir görüşürük. Gözəl bir matç olacaq. Bizim üçün çətin səfər oyunudur. Bəlkə də bu mövsüm ən çətin səfər matçına gedəcəyik. Ancaq nəyə qadir olduğumuzu bilmək üçün yaxşı bir matç olacağını düşünürəm. "Gəncə" bu matçda favorit görülə bilər. Ancaq biz də əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Bizdə zədəli oyunçular olsa da, mütləq bazar günü gəncəlilərə gözəl matç göstərəcəyik.
– Ötən mövsüm ölkənin 3-cü böyük şəhəri olan Gəncədə çalışmısınız. Bu şəhərə yenidən qayıtmaq hansı hisslər formalaşdırır?
– Gəncənin, oradakı dostların yeri məndə başqadır. Bu şəhəri çox sevirəm. Öz şəhərim kimi çox sevdiyim bir yerdir. Ötən mövsüm orada çox yaxşı dostlar qazandım. Matçlar keçər, ancaq dostluqlar çətinliklə əldə olunar. Burada – Şəkidə də mənimlə çox yaxşı davranan komanda yoldaşlarım var. Onlara da ayrıca təşəkkürümü bildirirəm. Əminəm ki, gələcəkdə Şəki üçün də eyni cür düşünəcəyəm. Zatən basketbolun gözəlliyi bundadır. Gözəl insanlar tanımaq imkanı əldə edirsən. Yəni, "Gəncə" ilə matç mənim üçün duyğulu bir matç olsa da, peşəkar kimi orada qalib gəlməyə çalışacağam. İdman həyatımda da fanatik "Beşiktaş"lı olsam da, bu komandaya qarşı oynadığım matçlar olub. Peşəkar karyerada hisslərə qapılmağa ehtiyac yoxdur.