Voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin E qrupunda II turun görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası Ukrayna ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. İlk 2 seti 25:17 hesablı üstünlüklə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu komanda üçüncü setdə ciddi müqavimətlə üzləşsə də, meydanı qalib tərk etməyi bacarıb - 25:21.
Qeyd edək ki, bu görüşəcək hər iki komanda ilk turu qələbə ilə başa vurmuşdu. Azərbaycan Norveçi, Ukrayna İsraili yenmişdi - 3:0. Ukrayna üzərində qələbə Azərbaycanın qrup qalibi kimi dünya çempionatına vəsiqə şanslarını daha da artırıb. Bu yolda əsas maneə olan Hollandiya millisi də ilk 2 turu qələbə ilə başa vurub. "Narıncılar" əvvəlcə Danimarkanı, ardından Norveçi yenib - 3:0. Tura İsrail - Danimarka matçı ilə yekun vurulub. İlk turda Ukraynaya 0:3 hesabı ilə uduzan İsrail bu dəfə meydanı eyni hesablı qələbə ilə tərk edib.
Dünya çempionatının seçmə mərhələsi
E qrupu
II tur
15:00. Hollandiya – Norveç - 3:0 (25:11, 25:14, 25:13)
Hakimlər: Saşa Stanisiç (İsveçrə), Mixail Temelis (Yunanıstan)
17:30. Ukrayna – Azərbaycan - 0:3 (17:25, 17:25, 21:25)
Hakimlər: Roberto Boris (İtaliya), Bruno Muxa (Xorvatiya)
20:00. Danimarka – İsrail - 0:3 (22:25, 19:25, 18:25)
Hakimlər: Sanya Mikloşiç (Sloveniya), Sabine Vitte (Almaniya)
Qeyd edək ki, 2 turdan sonra Azərbaycan və Hollandiya hərəyə 6 xalla turnir cədvəlinə başçılıq edir. Ukrayna və İsrail 3 xalla 3-4-cü, xalı olmayan Danimarka ilə Norveç 5-6-cı yerləri bölüşür. III turda Norveç - Ukrayna, Azərbaycan - Danimarka, İsrail - Hollandiya görüşləri keçiriləcək. Hər 3 oyun iyunun 1-də olacaq.