"Qrup lideri kimi 1/4 finala yüksəlidiyimiz üçün çox şadıq".
Sportnet.az-ın məlumatına görə, bunu voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev Almaniyanı 3:1 hesabı ilə yendikləri Avropa çempionatının qrup mərhələsindəki son tur oyunundan sonra deyib. Gənc mütəxəssis Bundestimlə qarşılaşmanın çətin alındığını bildirib: "Bir gün əvvəl Polşaya qarşı keçirdiyimiz emosional qarşılaşmadan sonra özümüzdə yorğunluq hiss edirdik. İlk setdən sonra yaxşı oyun sərgilədik və yekunda arzuolunan nəticəyə nail olduq. Sabah istirahət edəcəyik və ardından 1/4 finala hazırlaşacağıq".
Millinin voleybolçularından Kseniya Poznyak da qarşılaşmanın çox çətin şəraitdə keçdiyini bildirib: "İlk setdə öz ritmimizi tapa bilmədik. Lakin sonrakı setlərdə öz oyunumuzu sərgiləməyə başladıq. Bəzi oyunçularımız bu gün yaxşı formada deyildilər. Amma bizə qələbənin lazım olduğunu bilirdik. İndi 1/4 finala köklənə və qrup mərhələsindəki ağır oyunlardan sonra istirahətin dadını çıxara bilərik. 2 gündən sonra heç vaxt olmadığımızdan da güclü halda qayıdacağıq".
Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsini 9 xalla başa vurub. Sentyabrın 29-da keçiriləcək 1/4 final görüşündə rəqib Bolqarıstan və Almaniya arasındakı "pley-off" qarşılaşmasının qalibi olacaq.