Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun üzvləri Polşada Beynəlxalq
Velosipedçilər İttifaqının 2.2 kateqoriylı
"Həmrəylik və Olimpiyaçılar" yürüşündə mübarizə aparır. Velosiped İdmanı
Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, heyətə
6 velosipedçi daxil edilib ki, onlar bu günlərdə Azərbaycan çempionu adını
qazanan Elçin Əsədov, həmçinin Azərbaycan çempionatının mükafatçıları Tural İsgəndərov və Samir
Cəbrayılov, eləcə də Maksim Averin, Daniel Klemme və Aleksandr Surutkoviçdir.
Sayca 25-ci dəfə təşkil edilən
yarışın ilk günündə iştirakçılar 2 mərhələdə mübarizə aparıblar. Səhər
saatlarında 115.5 km
məsafədə çıxış edən velosipedçilər, axşam proqramında 82 km qət ediblər. Komanda üzvlərimizdən Daniel Klemme hər iki halda
finişi mərhələ qalibi ilə eyni vaxtda keçsə də, fotofinişə əsasən 12-ci olub və
indi ümumi təsnifatda da 12-ci mövqedə qərarlaşır.
Diqqət
çəkən məqam Tural İsgəndərovun ilk mərhələdə xoşagəlməz halla üzləşərək toqquşma
nəticəsində yıxılması olub. Amma tibbi müayinə idmançıda ciddi fəsadlar aşkar etməyib və o 2-ci mərhələdə iştirak edərək finişi liderlə eyni vaxtda keçən pelotonun
içərisində olub.
Bu
gün keçiriləcək 3-cü mərhələdə iştirakçılar 162 km məsafə qət edəcəklər.
Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.