Çilinin futbol üzrə Apertura liqasında azarkeşlər arasında yaranan insident "Kolo-Kolo" və "Santyaqo Uonderers" komandaları arasında keçiriləcək oyunun təxirə salınmasına səbəb olub. "Report"un məlumatına görə, insident ilk olaraq oyunun keçirilməli olduğu Valparaiso şəhərinin Sotomayor meydanında baş verib.
Azarkeşlər metal və taxta dəyənəklərlə bir-birinə hücum ediblər. Daha sonra münaqişə matçın baş tutacağı "Elias Fiqeroa" stadionunda davam edib. "Kolo Kolo"nun futbolçuları azarkeşlərini sakitləşdirməyə çalışsalar da, cəhdləri uğursuz alınıb. Azarkeşlər arasındakı davanın gücləndiyini görən baş hakimi Enrike Osses oyunun dayandırılmasına qərar verib.
Oyunun təxirə düşməsinə baxmayaraq "Kolo Kolo" ölkə çempionu olub. "Universidad katolika" və "Audaks İtalyano" komandalarının görüşündə ikincilər qələbə qazandığı üçün "Kolo Kolo" lider olaraq qalıb və 33 xalla çempionluğu bayram edib.