Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk qarşılaşmasında “Qarabağ” doğma meydanda “Şamaxı”ya 1:2 hesabı ilə məğlub olub. Oyundan sonra “Qarabağ”ın futbolçusu Kadi Borges Sportnet.az-a açıqlama verib.
Braziliyalı yarımmüdafiəçi oyunun çətin keçdiyini bildirib: "Buradakı meydançanın vəziyyəti yaxşı deyildi, hava çox soyuq idi və sıx duman səbəbindən görmək çətinləşirdi. Amma bunlar bəhanə ola bilməz. Düşünürəm ki, biz bacardığımızın cəmi 20 faizini göstərdik. Belə hallar futbolda olur, amma indi növbəti oyun haqqında düşünməliyik, çünki bu cür performans təkrarlanmamalıdır. Əlbəttə, duman oyunu çətinləşdirirdi, amma bu, yalnız bizə yox, hər iki komandaya təsir edirdi. Hesab edirəm ki, pis oynadıq və bunu qəbul etməliyik. Növbəti oyun üçün daha çox məşq etməliyik ki, səhvlərimiz təkrarlanmasın".
Kadi sıx oyun qrafikinin "Qarabağ"a təsirindən də danışıb: "Bəzi azarkeşlər deyir ki, “Qarabağ”ın qrafiki çox ağırdır — 20 gün ərzində 5 oyun. Amma bu, yalnız Azərbaycanda deyil, dünya futbolunda da olur. Əsas odur ki, yaxşı hazırlaşasan və bərpanı düzgün təşkil edəsən".
Təcrübəli futbolçu Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə "Nyukasl"ına qarşı keçirəcəkləri oyunlar arasında "Neftçi" ilə qarşılaşmanın təxirə salınmamasından narahatlıq keçirmədiklərini diqqətə çatdırıb: “Qarabağ” oyunu təxirə salmağı təklif etmişdi, amma “Neftçi” bunu qəbul etmədi. Məncə, bu bizdə əlavə motivasiya yaratmır. Oyunun vaxtı dəyişsə də, dəyişməsə də, meydanda çıxıb oynamalıyıq. Çempionlar Liqasını nəzərə alsaq da, bunun bizə mənfi təsiri olmayacaq. Bilirik ki, bu, derbidir və derbilər həmişə xüsusi əhəmiyyət daşıyır".






































































