Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə ABŞ Açıq Kubokunda "Kolambus Kru"nun qələbəsində həlledici rol oynayıb.
Sportnet.az xəbər verir ki, MLS təmsilçisi 1/4 final mərhələsində "Nyu York Siti" üzərində 1:0 hesablı qələbə qazanaraq uzun fasilədən sonra yarımfinala yüksəlib.
Oyunun taleyini həll edən epizodda əsas pay sahiblərindən biri məhz Axundzadə olub. Azərbaycanlı hücumçu 59-cu dəqiqədə mərkəzdə topu qəbul etdikdən sonra sürətli əks-hücumu başlatmaq üçün dəqiq ara ötürməsi verib. Sol cinahdan hücuma qoşulan Maks Arfsten cərimə meydançasına daxil olduqdan sonra topu qapının aşağı küncünə göndərərək görüşün yeganə qolunu vurub.
64-cü dəqiqəyədək meydançada olan 22 yaşlı Axundzadənin fəallığı ABŞ mətbuatının da diqqətindən yayınmayıb. Qeyd olunub ki, “Kolambus Kru” xüsusilə ilk hissədə rəqibdən üstün oyun nümayiş etdirib və qələbəyə layiq tərəf olub.
Bu nəticə həm də komandanın yeni müvəqqəti baş məşqçisi Loran Kurtua üçün uğurlu start sayılır. “Kolambus Kru” bir neçə gün əvvəl baş məşqçi Henrik Ridström ilə yollarını ayırmışdı.
Qeyd edək ki, yarımfinal oyunları yayda ABŞ-da keçiriləcək dünya çempionatı ilə əlaqədar 16-17 sentyabrda baş tutacaq. "Kolumbus Kru" doğma meydanda "Orlando Siti" ilə qarşılaşacaq. Digər yarımfinal duelində isə "Kolorado Rapids" və "Sent Luis Siti" üz-üzə gələcək.
“Kolumbus Kru” – “Orlando Siti” cütünün qalibi 21 oktyabrda keçiriləcək ABŞ Kubokunun 111-ci finalına ev sahibliyi edəcək.
Arfsten with the pinpoint accuracy ????????????
— The Crew (@ColumbusCrew) May 21, 2026
Watch on Paramount+ pic.twitter.com/HyDdeTDdeI





































































