"Nicat Rəhimovu uşaqlıqdan tanıyıram və daim onu izləyən bir mütəxəssis kimi onun ən güclülərdən ola biləcəyinə inanmışam. Nicata həmişə dəstək olmağa çalışmışıq. Rəhimov bizim ağır atletika məktəbinin yetirməsidir. Azərbaycanın təcrübəli məşqçiləri sayəsində o, yeniyetmələrin arasında Avropa çempionu və Olimpiya Oyunlarının qalibi olub". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Zirvə" Beynəlxalq İdman Klubunun (BİK) prezidenti Tofiq Heydərov klubunun rəsmi saytına açıqlamasında bildirib.
Azərbaycanlı atlet Nicat Rəhimov Qazaxıstan yığmasının heyətində Olimpiya çempionu olmasına münasibət bildirən Heydərovun sözlərinə görə, 22 yaşlı idmançımız bu ölkəyə gedəndə artıq böyüklər arasında belə medal qazanmağa hazır idi: "Sadəcə, o vaxt şəxsi məşqçisi, həm də atası Əli Rəhimovun yığma komandanın baş məşqçisi Zlatan Vanevlə yola getməmələri idmançının Azərbaycandan getməsi ilə nəticələndi. Məhz bu iki məşqçinin bir-biri ilə ziddiyyəti Nicatın Azərbaycanı tərk etməsinə səbəb oldu. Belə hadisələrlə idmanda çox rastlaşırıq. Məsələn, Nizami Paşayev və Turan Mirzəyev də bir vaxtlar mətbuat konfransı keçirərək baş məşqçidən şikayət edib, Respublikanı tərk etmək istəyirdilər. O zaman onların qarşısını ala bildik, amma Nicatın getməsinə mane ola bilmədik. Atası Əli Rəhimovla dəfələrlə söhbət etdim. Dedim ki, "Zirvə” klubunda mükəmməl məşq şəraiti var və maaşla da təmin edib ona hər cür dəstək ola bilərəm. Çünki Avropa çempionu olub, yeniyetmələrin Olimpiya Oyunlarına getməyə bir həftə qalanadək "Zirvə” İdman Klubunun üzvü olub. Amma Əli Rəhimov çox incimişdi, məni danışmağa belə qoymadı".
Nicatın atası iddia edir ki, oğlu Azərbaycanda qalsaydı, indiki uğuru əldə edə bilməyəcəkdi. Heydərov bu fikirlərin həqiqəti əks etdirmədiyini söyləyib: "Çünki respublikamızda idmana yaradılan şərait ən yüksək səviyyədədir. Sadəcə, əvvəllər baş məşqçilərimiz çox haqsızlıqlara yol verdiklərindən nəticələrimiz istədiyimiz kimi alınmayıb. Nicat yeniyetmələr arasında Olimpiya çempionu olduqdan sonra ona verilən mükafat Qazaxıstanda böyüklər arasında çempion olduqdan sonra aldığı vəsaitdən belə artıqdır. Yadımdadır, 150 min manat, həmçinin 75 min manat, eləcə də Prezident İlham Əliyev tərəfindən 100 min manat dəyərində olan mənzil verildi. Bu məbləğ Qazaxıstanın indi vəd etdiyi 250 min dollardan o vaxtkı məzənnə ilə artıqdır. Yəni Nicat Rəhimova yeniyetmələr arasında Olimpiya çempionu olanda Azərbaycanın ödədiyi məbləğ, indi Qazaxıstanın Olimpiya çempionu kimi ona verəcəyi vəsaitdən artıq olub. Yəni Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin Nicat Rəhimova böyük maddi və mənəvi dəstəyi olub. Sadəcə, atası ilə baş məşqçi arasında şəxsi zəmindəki ziddiyyət bu arzuolunmaz vəziyyəti yaradıb. Respublikamızda ağır atletikaya yaradılan şərait dünyanın heç bir ölkəsində yoxdur. Nicatla birlikdə hazırlaşan, yaşca kiçik olan Firudin Quliyev, Elxan Əliquluzadə də güclü nəticələr əldə edə biliblər. Sadəcə, məşqçilərimizin səhvi ucbatından çətin vəziyyətə düşüblər".
Nicat milli komandada ab-havanın yaxşı olmadığından da şikayət edib. "Zirvə" BİK-in prezidenti bunlarla da razılaşmayıb: "Çünki biz bir ailəyik. Yığma komandada da bolqar və digər legioner idmançılarımız var. Hərə öz mentalitetinə görə hərəkətlər edir. Bunu mətbuata çıxarıb bütün komanda haqqında xoşagəlməz fikirlər söyləmək ən azı, haqsızlıqdır. Azərbaycan müstəqillik qazandıqdan sonra ağır atletika və boks qədər inkişaf etmiş idman növü yoxdur. Cüdoda, güləşdə və digər idman növlərində də uğurlu nəticələr qazanılıb. Hələ SSRİ dövründə bu idman növləri üzrə uğurlar əldə olunub. O vaxtlardan ağır atletikada Hafiz Süleymanovdan başqa nəticə verən idmançımız olmayıb. O da nəticəni digər dövlətlərdə yaşayarkən qazanıb".