"Dinamo Moskva" klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ülvi Babayev Rusiya millisindən dəvət gözləyir.
Sportnet.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin baş məşqçi Valeri Karpinin həm də yığmaya rəhbərlik etməsi ilə əlaqədardır.
Babayev Rusiya Kubokunda Premyer Liqa yolunun VI tur matçında "Krılya Sovetov"un qapısına 4 cavabsız topdan 3-nü vurub. Qarşılaşmanın ardından o, Matç TV-yə müsahibə verib:
- Rusiya millisinin baş məşqçisi ilə işləmək noyabr toplanışında komandanın heyətinə düşmə şansınızı artırırmı?
- Bunu Valeri Georgiyeviçdən soruşmaq lazımdır. Milliyə layiq olmaq lazımdır. Yaxşı işləsən, təlimlərə də cəlb olunacaqsan.
- Ən azından, son "het-trik"iniz buna ümid verirmi?
- "Het-trik" birinci addımdır. Getdikcə daha çoxu lazım gələcək.
- Qol sayı ilə bağlı hansı hədəfiniz var?
- Bunu deyə bilmərəm. Əsası komandanın qələbəsidir. Qalanları ikinci dərəcəlidir.
- Karpin mətbuat konfransına sizə "afərin" deməklə yanaşı, bildirdi ki, belə oyunçular tez-tez üzə çıxır, bir il oynayır, sonra isə itirlər. Nə etmək lazımdır ki, sizi unutmasınlar?
- Fikrimcə, bu, doğrudur. Mənə yalnız işləmək və əksini sübut etmək qalır. 2-3 ildən sonra nə olacağına baxacağıq.
- Komandadakı yaşlı futbolçulardan kimsə sizə kömək edirmi?
- Əlbəttə. Məni yaxşı qarşıladılar. Çünki gəncəm, "Krılya Sovetov"dan gəlmişəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm.














































































