"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Ukrayna "Dnepr"i ilə keçirəcəkləri oyun öncəsi jurnalistlər qarşısına çıxıb. Sportnet.az-ın məlumatına görə, 42 yaşlı mütəxəssis mətbuat konfransında əvvəlcə oyun barədə danışıb...
- Hər oyun nə qədər vacibdirsə, növbətisi daha da vacibdir. Səfərdə qalib gəlməyimizə baxmayaraq, demişdim ki, Bakıdakı qarşılaşma Kiyevdəkindən daha ağır olacaq. Hər iki komanda artıq bir-birini tanıyır, canlı görüb və meydanda nə etməli olduğunu bilir. Kiyevdəkindən daha səhvsiz oynamalıyıq. Əlimizdən gələn hər şeyi edəcəyik ki, uğurlu nəticə əldə edək.
- "Dnepr"dəki həmkarınız Miron Markeviç deyib ki, itiriləsi heç nələri yoxdur...
- Belə demək bəlkə düzgün çıxmaz. Şanslar həmişə olur. "Dnepr"in bərabərlik də, qələbə də şansları var. Bilirik ki, rəqib bizdən revanş almaq istəyir. Onları səfərdə yendiyimiz üçün yox, mövqelərini yaxşılaşdırmaq istəyirlər. Bu baxımdan, çətin oyun olacaq. Çalışacağıq ki, futbolçular özlərini yaxşı idarə etsinlər və konsentrasiyaları özlərində olsun. Çünki rəqibin hücumda çox təsirli və nəticəni hər zaman dəyişə bilən oyunçuları var.
- Qalib gəlsəniz, demək olar ki, qrupda 2-ci pilləni təmin edəcəksiniz. Bu barədə futbolçularla söhbətiniz olub?
- Futbolçulara desəm ki, qalib gəlsək, minimum 2-ci yeri təmin edərik, çox böyük səhv etmiş olaram. Bunu düşünüb oynasaq, yana bilərik. İşimiz rəqibi daha yaxından tanıyaraq, oyunumuzu qurmaq, matça düzgün yanaşmaqdır. Futbolçuların fikrini qarşıdakı oyunlara yox, bu matça yönəltmək doğru olar. Hətta uduzsaq belə, şanslarımız qalacaq.
- Rəqib həmkarınız və futbolçular deyir ki, "Dnepr" üçün Avroliqa yox, "Şaxtyor"la oyun daha vacibdir. Necə düşünürsünüz: Bu, sizi arxayınlaşdırmaq üçün deyilməyib?
- Açığı, belə bir fikirlə rastlaşmamışıq. Biz rəqibin danışığına fikir verməli deyilik. "Dnepr" sıradan rəqib deyil, təcrübəli baş məşqçi və futbolçulara malikdir. Sadəcə, rəqibi düzgün analiz edib, öz oyunumuzu qurmalıyıq. Bizi yalnız sabahkı matç maraqlandırır.
- "Qarabağ" hansı taktikaya önəm verəcək?
- İndi futbolda aqressivlik oyundan-oyuna daha vacib olur. Ola bilər meydanın rəqibə aid hissəsində aqressiv olaq, ola da bilər ki, özümüzə aid hissədə. Bu da mümkündür ki, "Dnepr" bizdən daha aqressiv olsun. Ona görə də çalışacağıq ki, aqressivlik normada olsun.
- Avroliqada fərqli taktika ilə oynayırsınız. Çünki limit probleminiz yoxdur. Premyer Liqada bir, Avroliqada başqa taktika ilə oynamaq sizə problem yaratmır?
- Oyunumuzda çoxlu dəyişikliyin olduğunu düşünmürəm. Sadəcə, rəqibdən asılı olaraq, oyun üslubu dəyişir. Avroliqada limit məsələsi olmadığından, burada istədiyimiz oyunçunu meydana buraxa bilirik. Əlimizdə kim varsa, onları düzgün yönləndirməyə çalışacağıq. Hamının fikri meydanda olmalıdır ki, oyunumuzda da nizam pozulmasın.
- "Qarabağ" ilk komandadır ki, Ukrayna klubuna qalib gəlib. Sizə elə gəlmirmi ki, dolu tribunalar qarşısında futbolçular irəli atılaraq, sizin tapşırıqlarınızdan çox, azarkeş dəstəyinə önəm verəcəklər?
- Mənim istədiyim, çalışdığım da budur ki, futbolçular yanmasınlar, fikirləri oyunda olsun. Əlbəttə, səhvlər olur, amma dediyiniz kimi irəli atılmaq olmasın. Azarkeşlərimiz Avropa kuboklarında möhtəşəm olublar. Sabah da onlardan dəstək gözləyirik. Futbolçularım fikirlərimi tam başa düşürlər. Çalışırıq ki, sonadək oyun intizamını pozmayaq və tapşırıqları sonadək yerinə yetirsinlər.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |