
İtaliya "İnter"inin prezidenti Erik Tohir komandanın baş məşqçisi Valter Matsarinin qarşısına sərt tələb qoyub. Sportnet.az-ın məlumatına görə, indoneziyalı iş adamı Matsaridən A seriyasındakı qarşıdakı 3 oyundan qalib ayrılmasını istəyib.
O bildirib ki, "İnter" bu gün evdə "Verona"nı, noyabrın 23-də derbidə "Milan"ı, noyabrın 30-da isə səfərdə "Roma"nı məğlub etməlidir: "Mən 3 xalla 1 xal arasındakı fərqi başa düşürəm. Ona görə də hər 3 oyunda qalib gəlməliyik. "Milan" və "Roma" ilə növbəti görüşlərdə real problemlərlə üzləşə bilərik. Bu qarşılaşmalarda toplanılacaq xallar mövsüm üçün bizə ciddi təkan verəcək".
İndiyədək "İnter" "Verona" ilə keçirdiyi 50 qarşılaşmanın 28-də qalib gəlib və A seriyası matçlarında evdə heç vaxt uduzmayıb. Milan təmsilçisi 10 turdan sonra 15 xalla 9-cu pillədə qərarlaşıb və cəmi 4 oyunda qələbə qazanıb.
Əvəzində Avropa Liqasında "İnter" 4 turdan sonra 8 xalla F qrupuna başçılıq edir. "Neradzurra" noyabrın 6-da Fransa "Sent-Etyen"i ilə səfərdə heç-heçə edib - 1:1. İtaliya təmsilçisini noyabrın 27-də evdə Ukrayna "Dnepr"i ilə, dekabrın 11-də isə Bakıda "Qarabağ"la son 2 turun qarşılaşmaları gözləyir.
Tohir Avroliqanın bu mövsüm komandası üçün əsas hədəflərdən biri olduğunu bildirib: "Biz "Sent-Etyen"lə görüşdə 3 xal istəyirdik ki, qrupda ilk yeri tutmaqda özünəinam yaratsın. Amma qələbə qazanmasaq da, yaxşı oynadıq. Hazırda 7 zədəli futbolçumuz var. Hədəfimiz sadəcə, növbəti mərhələyə çıxmaqdır. Bu, bizim üçün vacib məqsəddir".