
7 il öncə də belə vəziyyət yaranmışdı. Həmin vaxt da millimiz keçmiş Yuqoslaviyanın flaqmanı Serbiya ilə AVRO-2008-in seçmə qrup matçında qapısından 6 top buraxmışdı. Şahin Diniyev isə 1:6 hesablı məğlubiyyətdən sonra istefa vermişdi.
Amma o oyunda yığmamızın yeganə qolundan sonra futbolçuların sevinclərini bölüşdüyü səhnə daha çox diqqqət çəkmişdi. Samir Əliyev 0:2 hesabı ilə geridə olan millimizi ümidləndirmiş, futbolçular onun başına yığışaraq, dünyaya gələn körpəni səhnələşdirmişdilər. Qonaqlar isə o körpəyə acımamış, daha 4 qol vuraraq, yığmamıza rəsmi matçlarda ən böyük fərqli ev məğlubiyyətinin şokunu yaşatmışdılar.
Yəqin ki, futbolçularımız qol sevincini kiminsə övladının doğulması şərəfinə bu cür qeyd edirdilər. Amma mənim üçün o səhnə Diniyevin istefasından az sonra AFFA-nın prezidenti Ramiz Mirzəyevin vəfatı fonunda Azərbaycana yeni futbolçu erası, yeni milli komanda, yeni baş məşqçi və yeni AFFA prezidentinin gəlişi təsiri bağışlamışdı. Çünki o vaxtlar bütün sadalanan dəyişikliklərin baş verəcəyi heç kimə sirr deyildi.
Bunlar gerçəkləşənədək təqribən yarım aylıq keçid dövrü oldu. Keçid dövründə müvəqqəti federasiya prezidenti, müvəqqəti baş məşqçi təyin olundu. Qyoko Haciyevskinin rəhbərliyi altında yığmamız 2 oyuna çıxdı və uduzsa da, heç birində pis təsir bağışlamadı.
2008-ci ilin əvvəllərindən futbolumuzda yeni dövr başladı. Səhnəyə yeni federasiya prezidenti, yeni baş məşqçi, yeni milli komanda çıxdı.
Körpə də ki, yavaş-yavaş böyüdü, 7 yaşına çatdı, böyük ümidlərlə dərsə göndərildi. Amma elə ilk ilindəcə məlum oldu ki, onu ötən illərdə başının altına yastıq qoyub yatızdırıblar. Öyrətdikləri bir şey olmayıb. Nə olsun ki, bağçada tərbiyəçisi alman olub?!
Bax, artıq dərsə gedən o milli körpəmizə yeni bir tərbiyəçi lazımdır. Bildiklərini də yaddan çıxarmasın deyə.
Yenə yığmamız keçmiş Yuqoslaviya tərkibindəki ölkələrdən biri – Xorvatiyanın milli komandasına uduzub. O vaxtlar növbəti görüş Finlandiyaya qarşı olmuş, millimizin qolunu isə Mahmud Qurbanov vurmuşdu. İndi isə rəqib daha bir Skandinaviya ölkəsi – Norveç, baş məşqçi isə elə Mahmud Qurbanovdur.
Fərq ondadır ki, yığmamız Finlandiyaya həm evdə, həm də səfərdə qol vurmağı bacarmışdı. Norveçlə uzaq keçmişdə baş tutan 2 oyunda isə bu, komandamıza müyəssər olmayıb.
Odur ki...
Vur, komandir, vur!
P.S. Bu yazının hərbi qulluqçumuz İlkin Muradovun erməni helikopterini, dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldunun isə Ermənistan yığmasının qapısını dəqiq nişan alması ilə heç bir əlaqəsi yoxdur.