Azərbaycan milli komandasının yeni baş məşqçisi Robert Prosineçki olacaq. Sportnet.az-ın Xorvatiya mətbuatına istinadən məlumatına görə, 45 yaşlı mütəxəssislə AVRO-2016-nın seçmə mərhələsinin sonunadək müqavilə bağlanılacaq.
Bu müddətdə Prosineçkiyə üst-üstə 1,5 milyon dollar ödəniləcək. Təqdimat mərasimi isə dekabrın 2-də baş tutacaq. Xorvatiyalı mütəxəssisə tərcüməçi qismində futbolçu karyerasını yenicə başa vuran Stipe Lapiç kömək edəcək. Hər iki şəxs ötən gün "Xəzər Lənkəran" - "Neftçi" matçını birgə izləyib. Lapiç futbolçu qismində Xorbatiya, Rusiya, Moldova, Çin və Cənubi Koreya klublarında çalışıb.
Qeyd edək ki, Robert Prosineçki Bakıda aşağı yaş qrupları üzrə komandaların da oyunlarını izlədikdən sonra Fransaya yollanaraq, "Qarabağ"ın "Sent-Etyen"lə səfər matçını izləyəcək. Həftəsonu isə o, AFFA prezidenti Rövnəq Abdullayevlə görüşəcək.