
Azərbaycanın voleybolçu qadınlardan ibarət "Rabitə" klubu CEV Kubokunda yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Zoran Qayiçin komandası 1/4 finalda Fransa "Bezye"sini üstələyib - 3:0.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş qarşılaşmada qələbə üçün 64 dəqiqə kifayət edib. İlk setdə 25:16 hesablı üstünlük əldə edən "Rabitə" növbəti setdə ciddi müqavimətlə üsləşib. Bununla belə, təmsilçimiz yenidən üstün olub - 25:22. Son nəticə isə üçüncü setdə müəyyənləşib - 25:17.
Bu komandalar arasında ötən həftə Fransada təşkil olunmuş qarşılaşmada da Azərbaycan çempionu qələbə qazanmışdı. "Rabitə"nin yarımfinaldakı rəqibi Fransa "Nant"ı ilə Rusiyanın "Dinamo" (Krasnodar) komandaları arasında keçiriləcək matç nəticəsində müəyyənləşəcək. İlk görüşdə "Dinamo" qalib olub - 3:0. Hər iki klub bu mövsüm Azərbaycan təmsilçiləri ilə avrokuboklarda üz-üzə gəlib. "Nant" Çempionlar Liqasının qrup mərhələsində "Azəryol"a hər iki matçda uduzduğu halda, krasnodarlılar "Lokomotiv"i CEV Kubokunun əvvəlki mərhələsində üstələyib.