
"Bakı" klubunun futbolçusu Nurlan Novruzov Azərbaycan millisinə dəvət almaması ilə bağlı fikirlərini açıqlayıb. Sportnet.az gənc hücumçunun Qol.az-a müsahibəsini təqdim edir...
- Əslində Prosineçkinin bu addımı gözlənilməz olmadı. Çünki özü daha əvvəl bildirib ki, mən onun oyun sisteminə uyğun gəlmirəm. Mən də onun bu qərarına təəccüblənmədim.
- Premyer Liqamızın bombardiri niyə milliyə dəvət almadığı üçün təəccüblənmir?
- Çünki Prosineçki elə danışır ki, ümidim tamamilə itir. Müsahibələrinin birində jurnalist ondan soruşub ki, Məhəmməd Qurbanov yaxşı oyun nümayiş etdirmirsə, niyə əvəzinə Rauf Əliyevi milliyə dəvət etmirsiniz? O isə cavabında bildirib ki, Məhəmməd Qurbanov "Sumqayıt”da çıxış edir. Yəni, bu cür komandalarda istənilən oyunu nümayiş etdirmək çətindir. Bildirib ki, az qol imkanları olmağına baxmayaraq Məhəmməd 8 qol vurub. Mənə ən çox təsir edən də budur. Guya "Bakı” çempionluğa oynayır? Əksinə, "Sumqayıt”da daha çox təcrübəli futbolçular var. Həqiqətən "Bakı”da qol vurmaq çox çətindir.
- Millimizə klubunda heyətə düşməkdə çətinlik çəkən futbolçular da dəvət olunub...
- Milliyə dəvət olunanların hamısı azərbaycanlı oyunçulardır. Ona görə də heç kim haqda danışmaq istəmirəm. Arzum budur ki, Məhəmməd Qurbanov qol vurub komandamıza qələbə qazandırsın. Söhbət milli komandadan gedir.
- Prosineçki onun oyun sisteminə uyğun gəlmədiyinizi deyir...
- Bəzən özümü saxlaya bilmirəm və danışmağa məcbur oluram. Gəlin, açıq danışaq: Onun oyun sisteminə uyğun gəlmirəmsə, mənə başqa cür də "torba tikə” bilərdi. Yəni, "Şaxtyor”la yoldaşlıq oyununda mənə 5 dəqiqə şans verər və deyərdi ki, milliyə yaramırsan. Sən məni bir dəfə də olsun millinin toplanışına çağırmamısansa, nə bilirsən ki, oyun sisteminə uyğun gəlmirəm? Mən bunu səbəb kimi görə bilmirəm. Mənə deyirlər ki, daha bu haqda danışma. Ancaq fikirləşəndə çox pis oluram, əsəbiləşirəm.
- Millimizin "Şaxtyor”la oyununu izləmisən. Prosineçkinin oyun sistemində özünü görürsən?
- Onun oyun sistemində heç bir qeyri-adi şey yoxdur. "Şaxtyor”la matçda mənə qəribə gələn taktika görmədim. Adi bir oyun sistemidir. Prosineçki onu da deyib ki, mənə top saxlayan, cinahlarda oynayan hücumçu lazımdır. Görürsünüz ki, Jaba "Bakı”ya qayıdandan sonra cinahlarda oynayıram. Uzun müddətdir ki, hücumçu mövqeyində çıxış etmirəm. Həqiqətən dərindən düçünəndə Prosineçkinin bu addımı mənə pis təsir edir. Daim üzərimdə işləyirəm ki, milliyə dəvət alım. Gözlədiyin dəvət gəlməyəndə insan çox üzülür. Bundan artıq nə etməliyəm ki, Prosineçki məni də milliyə çağırsın?