
Voleybolçu qadınlardan ibarət "Azəryol" komandası CEV Kubokunda 1/4 final mərhələsinin ilk oyununa çıxıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Ziya Rəcəbovun komandası Polşada "Polski Kukyer"in qonağı olub.
Görüş kifayət qədər gərgin və dramatik alınıb. İlk setdə 25:27 hesabı ilə uduzan "Azəryol" sonrakı iki seti 25:17 və 25:23 hesablı üstünlüklə tamamlayıb. Amma 4-cü setdə meydan sahibləri bərabərliyi təmin edə bilib - 25:23. Bununla da görüşün taleyi "tay-breyk"ə uzanıb. Bu zaman "Azəryol" oyuna nəzarəti əldən verib və böyük fərqlə yenilib - 5:15.
Beləliklə, 2:3 hesabı ilə uduzan Azərbaycan təmsilçisini yanvarın 26-da Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq cavab görüşündə 3:0 və ya 3:1 hesablı qələbə də qane edəcək. 3:2 hesablı qələbə təqdirində isə növbəti mərhələyə vəsiqə "tay-breyk"də həll olunacaq.
CEV Kuboku
1/4 final, ilk oyun
23:30. "Polski Kukyer" (Polşa) - "Azəryol" (Azərbaycan) - 3:2 (27:25. 18:25, 23:25, 25:23, 15:5)
Baş hakim: Aleksandr Pavlov (Rusiya), Enqborq Kleyn Morten (Danimarka)