Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının biletləri martın 19-dan satışa çıxarılacaq.
Oyunların Əməliyyat Komitəsinin Media və İctimaiyyətlə Əlaqələr Departamentindən Sportnet.az-a verilən məlumata görə, satışda 500 mindən artıq bilet olacaq. Onlar 20 növ üzrə yarışları əhatə edəcək. İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər. Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir. Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.
Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2 manatdan 5 manatadək dəyişəcək.16 yaşınadək uşaqlar 13 idman arenasında idman yarışlarını pulsuz izləyə biləcəklər. 2 - 16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arena, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti 1 manat, digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.
Bakı Olimpiya Stadionunda keçiləcək açılış mərasiminə biletlərin qiyməti 20 - 200 manat, bağlanış mərasimi üçün isə 10 - 100 manat nəzərdə tutulub.