Bakı şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Milli Məclisin deputatlığına namizədliyini irəli sürəcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə N.Arpadarainin özü sosial şəbəkə hesabı vasitəsilə açıqlama verib. O, ətraflı düşünəndən, ailəsi, yaxınları və hörmət etdiyi insanlarla müzakirə və məsləhətləşmədən sonra 9 Fevral tarixində keçiriləcək Milli Məclisə seçkilər prosesinə namizəd qismində qatılmağa qərar verdiyini bildirib: "Səmimi qəlbdən inanıram ki, ölkəmiz və xalqımız bu gün tarixində son dərəcə vacib bir mərhələdən keçir. Dövlət idarəçiliyinə gənclərin cəlb olunması, modernizasiya, inkişaf kimi anlayışlar, adi söz olmayıb, gələcəyin təminatıdır. Bizim və övladlarımızın gələcəyinin təminatı! Ailəsinin və övladlarının gələcəyini, doğma vətənimiz Azərbaycan ilə bağlayan bir insan üçün, bu proseslərdən, xüsusilə də yeni nəsil Parlamentinin, qanunverici və təmsilçi orqanın, formalaşması prosesindən kənarda qalmaq doğru deyil".
Arpadarai sənədlərini doğulduğu, yaşadığı və işlədiyi Bakının mərkəzi rayonu olan 29 saylı Səbail Seçki Dairəsindən bitərəf namizəd kimi qeydiyyat üçün təqdim etdiyini açıqlayıb: "Bütün həmvətənlərimi seçki prosesində fəal iştirak etməyə və bununla da Prezidentimizin inkişaf və islahatlara yönəlmiş səylərini dəstəkləməyə çağırıram".