Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) uzaqlaşdırılmış iş rejiminə keçib.
Qurumdan Sportnet.az-a verilən məlumata görə, bu addım koronavirus infeksiyasının geniş şəkildə yayılması ilə əlaqədar işçi heyətinin və idmançıların, həmçinin onların dəstək heyətinin sağlamlıqlarının qorunması məqsədilə atılıb.
Bildirilib ki, dopinq nəzarəti plan üzrə həyata keçiriləcək. AMADA test keçirən əməkdaşların bütün lazımı təlimatlarla, dezinfeksiya və qorunma vasitələri ilə təmin olunmalarına zəmanət verib.
Yarış təşkilatçıları dopinq nəzarəti məntəqəsinin hazırlığına xüsusi diqqət yetirməli, məntəqədə təhlükəsiz qaydada prosedur keçirilməsi üçün virusa yoluxma əleyhinə bütün lazımi təlimatları yerinə yetirməlidirlər.
Ölkədənkənar yarışlarda iştirak edən idmançılar ölkəyə qayıdan vaxtdan karantin rejimini qorumalı və federasiya tərəfindən əsaslı karantin rejimində olduqları barədə rəsmi arayışla təmin olunmalıdır.
Federasiyalar karantin altında olan idmançıların siyahısını AMADA nın elektron ünvanına təqdim etməlidilər.
AMADA saxta arayışların verilməsinin yolverilməz olduğunu və bunun xüsusi olaraq diqqət altında saxlanılacağını vurğulayıb.