Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının kapitanı, 4 qat dünya və 2 qat Avropa çempionu Eldəniz Əzizli.
34 yaşlı idmançı bütün nailiyyətlərini 55 kq çəki dərəcəsində qazanıb. Çoxsaylı titullarına rəğmən, heç vaxt Yay Olimpiya Oyunlarında iştirak etməyib. Əvəzində Əzizli hələ də eyni çəkidə çıxışlarını davam etdirir, öz rejiminə ciddi riayət edir, yuxarı çəkiyə keçməyi düşünmür.
Təcrübəli güləşçi Sportnet.az-ın "Karyera" layihəsinin ilk qonağı olaraq, səmimi etiraflar edib:
- Hazırda davam edən Azərbaycan çempionatının səviyyəsi və təşkilatçılığında müsbətə doğru dəyişikliklər görürsünüzmü?
– Əlbəttə, dəyişikliklər göz qabağındadır. Bildiyiniz kimi, federasiyamızda son dövrlərdə ciddi yeniliklər baş verib, yeni kollektiv formalaşıb. Bu dəyişikliklər həm yarışın təşkilində, həm də idmançıların məşq və döşəyə çıxarılma prosesində açıq şəkildə hiss olunur. Artıq bütün proseslər Dünya Güləş Birliyinin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. Bu da həm idmançılar üçün əlavə motivasiya yaradır, həm də arenaya gələn azarkeşləri daha da həvəsləndirir, güləşin populyarlığını daha da artırır. Hər zaman yeniliklərə imza atmışıq. Bu dəfə isə daha maraqlı addım atılıb – artıq tamaşaçılara da mükafatlar təqdim olunur. Düşünürəm ki, bu da güləşin təbliğatı baxımından çox önəmli və doğru addımdır. Yarışlar zamanı güləşin tarixi ilə bağlı məlumatlar verilir, tamaşaçılar sual-cavabın nəticəsi olaraq, müxtəlif mükafatlar qazanırlar. Ümid edirəm ki, bu təşəbbüslər davamlı olacaq.
– Yarışda iştirak edə bilməməyiniz nə ilə əlaqədardır?
– Artıq 34 yaşım var və müəyyən zədələrim mövcuddur. Təəssüf ki, peşəkar idmanda zədələrdən tam uzaq qalmaq mümkün olmur. Bu səbəbdən, federasiya rəhbərliyi və milli komandanın məşqçiləri ilə məsləhətləşmələr aparıldı. Qərara alındı ki, bu yarışda istirahət edim və növbəti yarışlara tam gücümlə, motivasiya ilə hazırlaşa bilim. Məhz buna görə də bu dəfə yarışda iştirak etmirəm.
"Yeni baş məşqçimiz iranlı olsa da, türkcə başa düşür"
– Bu, milli komandada dəyişikliklərin olduğu bir dövrə təsadüf edir. Yeni baş məşqçi Məhəmməd Bənadan gözləntiləriniz nədir?
– Yeni baş məşqçimiz iranlı və kifayət qədər təcrübəli mütəxəssisdir. Deyərdim ki, Məhəmməd Bəna müasir dövrdə İran güləşinin banisidir. İran güləşinin qazandığı tarixi uğurlarda onun böyük rolu var. 2012-ci il London Yay Olimpiya Oyunlarında 3 qızıl medal qazanmış, dünyada tanınan və sevilən mütəxəssisdir. Biz onu Azərbaycana gələndən sonra yox, təxminən 20 ildir tanıyırıq. Komandanı yaxından tanıyır və daim izləyib. Düşünürəm ki, bu addım təsadüfi deyil. Burada həm federasiya rəhbərliyinin, həm də ölkə başçısının güləşə göstərdiyi diqqət və qayğı aydın hiss olunur. Bu qərarın 2028-ci il Los Anceles Yay Olimpiya Oyunlarına hesablanmış planın bir hissəsi olduğunu düşünürəm. Son Olimpiya çempionumuz Fərid Mansurov olub və artıq 24 ildir ki, Olimpiya çempionumuz yoxdur. Dünya və Avropa çempionlarımız var, lakin Olimpiya çempionluğu baxımından fasilə yaranıb. Ümid edirəm ki, belə təcrübəli məşqçi kreativ işlər görəcək, onunla bu boşluğu doldura və yenidən Olimpiya çempionu yetişdirə biləcəyik.
– Onu uzun illərdir tanıdığınızı dediniz. Aranızda ünsiyyət olubmu?
– Bəli, şəxsən İran liqalarında güləşmişəm və həmin dövrdə onunla çox ünsiyyətdə olmuşuq. O, 4 dəfə İran milli komandasının baş məşqçisi olub və müəyyən uğurlar qazanıb. Bütün güləş sferasında tanınır. Güləş elə bir idman növüdür ki, azacıq məşğul olandan sonra da ona bağlanırsan. Bu baş məşqçi isə ömrünün təxminən 50 ilini güləşə həsr edib. Buna görə də hamımızı yaxından tanıyır. Özüm şəxsən söhbət etmişəm, danışmışam. Bura gələndə də danışdıq. O, Azərbaycan güləşindəki hər bir şəxsi, hətta ikinci-üçüncü nömrələrimizi də çox yaxşı tanıyır və izləyir. Yəni, bizim üçün yeni şəxs deyil.
– Azərbaycan dilində danışa bilir?
– Uzun müddət İstanbulda yaşadığından, türkcə başa düşür. Onun Bəhruz adlı köməkçisi isə azərbaycanlıdır, hazırda buradadır. Bu isə ünsiyyəti daha da asanlaşdırır. Eləcə də keçmiş güləşçi Sabah Şəriəti də var ki, başa düşmədiyimiz nüans olduqda izah edir.
– Təəssüflənmirsiniz ki, kaş yeni baş məşqçi daha tez gələrdi? Xüsusən sizi tanıdığına görə…
– Xeyr, təəssüflənmirəm. Çünki əvvəlki baş məşqçimiz Aleksandr Tarakanov çox uğurlu mütəxəssis idi. Onun dövründə 2 dəfə Avropa, 2 dəfə dünya çempionu olmuşuq, tarixi rekordlara imza atmışıq və rekordlarımızı yeniləmişik. Sadəcə, bu gün rəhbərliyin qərarı budur ki, komandaya yeni nəfəs, yeni ruh, yeni baş məşqçi lazımdır. Bu qərar bu vaxtda verilibsə, deməli bu gün lazımdır və uğurlu alınacaq.
– Tarakanovla bağlı instaqramda təsirli paylaşımınızı gördük. Əvvəlki baş məşqçi sizə nə verdi?
– Mən indiyədək təxminən 10-dək baş məşqçi ilə çalışmışam. 1999-cu ildən güləşlə məşğulam və artıq 26–27 ildir ki, bu idmanın içindəyəm. Bu müddət ərzində işlədiyim məşqçilər arasında şəxsən mənim üçün ən seviləni Tarakanov olub. Çünki mən həyata yalnız güləş deyil, həm də insanlıq prizmasından baxıram. Tarakanov həqiqətən ağsaqqal, hörmətli, sevilən və insanın həyatında dərin izlər buraxan bir şəxsiyyətdir. Onun rəhbərliyi dövründə 3 dəfə dünya çempionu, həmçinin Avropa çempionu olmuşam. Ancaq bütün bu uğurları yalnız onun adına yazmaq istəmirəm. Mənim şəxsi məşqçim olub, bu səviyyəyə çatmaq üçün özüm də böyük zəhmət çəkmişəm və üzərimdə əməyi olan başqa məşqçilər də var. Yəni əldə etdiyim nailiyyətləri tək bir nəfərlə əlaqələndirmək düzgün olmaz. Amma bir faktı da inkar etmək mümkün deyil: idman elə bir sahədir ki, hər şey nəticələr üzərində qurulub. Mən uzun illər onun rəhbərlik etdiyi milli komandanın kapitanı olmuşam və məhz həmin dövrdə 3 dəfə dünya çempionu adını qazanmışam. Bu isə artıq danılmaz faktdır.
"Prezident təqaüdü alan ən gənc idmançı mənəm"
– 2004-cü ildən bəri Azərbaycanın yunan-Roma güləşində olimpiya çempionu yoxdur. Siz də olimpiadada qızıl medala əsas namizədlərdən idiniz. Niyə daha çox dünya çempionatına üstünlük verdiniz? Bəlkə bu, statistika üçün idi?
– Xeyr, statistikaya görə deyildi. Mən üçüncü dünya çempionluğu üçün hazırlaşanda seçim qarşısında idim: ya çəkimi dəyişib yeni çəkidə olimpiya lisenziyası üçün hazırlaşmalı, ya da öz çəkimdə qalaraq dünya çempionatları rekorduna imza atmalı idim. Həmin vaxt yalnız mən və Fərid Mansurov ikiqat dünya çempionu idik. Məqsədim üçüncü dəfə dünya çempionu olmaq idi. Nəticədə belə bir qərar verdim. Mən həyatda məsələlərə hər zaman realist yanaşmışam. Olimpiadada iştirak etmək mənim üçün o qədər də önəmli deyil. Çünki qatıldığım hər bir yarışda maksimum nəticəni qazanmağa çalışmışam. Nəticədə qərar verməli oldum. O qərara gəldik ki, öz çəkimdə qalım, dünya rekordunu təzələyim və güləşə bu yöndən faydalı olum. Belə deyək, 4–5 il cavan olsaydım, bəlkə də yoxlamağa dəyərdi. Amma yaş danılmaz amildir. O vaxt yeni çəkiyə və yeni rəqiblərə uyğunlaşmaq mənim üçün absurd məsələ kimi görünürdü. Buna görə də öz çəkimdə qalaraq, qərarımı dünya çempionatında rekord qırmaq yönündə verdim.
– Yəni, bir növ razılaşdınız ki, olimpiya çəkisinə keçsəniz, çempion ola bilməyəcəksiniz...
– Bəli, düşünürdüm ki, olimpiya çempionu ola bilməyəcəyəm. Mənim gördüyüm reallıq bu idi. Təbii ki, gələcəkdə nə olacağını bilməyim mümkün deyildi. Amma məsələlərə realist yanaşmağı sevdiyimdən, o an elə qərar verdim. Düşündüm ki, dünya çempionatlarında daha uğurlu ola bilərəm.
- Bu, realist yanaşmadan əlavə, səmimi etirafdır...
- Bəli, etirafdır. Həmişə çalışıram ki, həm həyatda, həm də idmanda doğruları söyləyim, nəyi doğru bilirəmsə, onunla yaşayım. Bəzən doğru bildiklərim səhv çıxa bilər. Lakin nəyi doğru bilirəmsə, onu etməyə çalışmışam. Düşünürəm ki, doğru qərar vermişəm. Çünki Azərbaycan güləş tarixində 4 qat dünya çempionu yoxdur. Bu, mənim üçün unudulmaz rekorddur. Ümid edirəm ki, məndən sonra gələn idmançılar bunu təzələyəcəklər. Digər tərəfdən, 3-cü dəfə dünya çempionu olduqdan sonra cənab Prezident İlham Əliyevin sərəncamı ilə ömürlük fərdi təqaüdü aldım və bu təqaüdü alan ən gənc şəxs oldum. Düşünürəm ki, doğru addım atmışam və peşman deyiləm.
"İnsan özünü tərifləməyə, çempionluqlarını qabartmağa çalışmamalıdır"
– Qeyri-olimpiya çəki dərəcəsindəki dünya çempionluğunu qeyri-olimpiya idman növündəki çempionluqla bərabər saymaq olarmı?
– Bu məsələyə hansı prizmadan yanaşmaq çox önəmlidir. Güləş dünyanın ən qədim idman növlərindən biridir, 2500 il yaşı var. Ona görə də güləşdə rəqabət həmişə yüksəkdir, dinamika çoxdur. Ona görə də deyərdim ki, güləş başqa idman növləri ilə bərabər tutula bilməz. İstər olimpiya, istərsə də qeyri-olimpiya çəkisi olsun, digər idman növləri ilə müqayisə olunmur.
- Bu sualı ona görə verdik ki, qeyri-olimpiya növlərindəki idmançılar da tez-tez çempionluqlarını qabardır və hətta 20-30 qat dünya çempionu olduqlarını söyləməyi çox sevirlər...
- Nə dediyinizi başa düşdüm. Belə deyək: şəxsi fikrimdir ki, heç bir halda - istər qeyri-olimpiya, istər olimpiya çəkisi olsun, istərsə də olimpiya növündə çempionluqlar qazansın, insan özünü tərifləməyə, çempionluqlarını qabartmağa çalışmamalıdır. Daha yaxşı olar ki, onu kənardan tərifləsinlər. Çünki lap olimpiya çempionu olsan belə, özünü təriflədikdə bu, bir qədər yaxşı alınmır. Amma qeyri-olimpiya növlərindəkilər də himni səsləndirir, bayrağımızı qaldırırlar. Bunun özü böyük uğurdur. Bu gün güclü Azərbaycan dövlətinin hər sahədə güclü insanlara ehtiyacı var. İstər olimpiya, istərsə də qeyri-olimpiya növündə olan, bayrağımızı qaldıran, himnimizi səsləndirən hər bir idmançımız fəxrimiz, qürur mənbəyimizdir. Özüm qeyri-olimpiya çəkisində olmağıma baxmayaraq, qiymətimi, dəyərimi ölkəmizin başçısı verib. Düşünürəm ki, Prezidentimiz mənə bu dəyəri verdikdən sonra nə isə demək hamı üçün artıq olar. Sadəcə, susub dinləmək lazımdır.
– Nə vaxt belə bir qərara gəldiniz ki, olimpiya yox, qeyri-olimpiya çəki dərəcəsində çıxış edərək, çempionluqlar qazanmaq daha məqsədəuyğundur?
– Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya yarışlarından əvvəl. Lisenziya yarışlarına bir il vaxt qalırdı. Bu bir il mənim üçün kifayət qədər qısa müddət idi: yeni çəkiyə düşmək, adaptasiya olmaq və eyni zamanda lisenziya qazanmaq kifayət qədər çətin görünürdü.
"Hazırda çəki dərəcəmlə mübarizə aparıram"
– Olimpiadalarda heç vaxt iştirak etməməyiniz nə ilə əlaqədardır?
- Əvvəllər ən aşağı olimpiya çəkisində Rövşən Bayramov çıxış edirdi və o, Yay Olimpiya Oyunlarında iştirak etmişdi. Daha sonra 55 kq çəki dərəcəsi proqramdan çıxarıldı, çəki dərəcəm dəyişdirildi və bu səbəbdən, iştirak edə bilmədim.
- Semimi etiraflar edirsiniz. Bir məsələni də soruşmaq istəyərik ki, niyə məhz aşağı çəki dərəcələrində daim qala bilirdiniz? Burada rəqabət aşağıdır, yoxsa iştirakçı sayı azdır?
- Burada 2 məsələ var. Birincisi, Azərbaycan güləş tarixinə baxdıqda ən böyük nəticələr hər zaman aşağı çəkilərdən çıxıb. Həmişə, tarix boyu belədir, sadəcə indi yox. Saysanız, misallar var: Rövşən Bayramov, Elçin Əliyev, Taleh Məmmədov, Nihad Məmmədli... Yəni, aşağı çəkidə bizdə hər zaman yüksək nəticələr olub. Təbii ki, nəticələr olan yerdə rəqabət daha böyük olur. Sadəcə, genetik durumum belədir. Təbii ki, mən rejimimə nəzarət edən, nizam-intizamı sevən idmançıyam. Düşünürəm ki, qazanılan böyük nəticələr nizam-intizam üzərindədir. Yəni performansı, motivasiyanı, istedadı o qədər də önə çəkmərəm, nəinki bu amili. Çünki sabitlik üçün daim nizam-intizam lazımdır. Bununla yanaşı, bir məsələ də var ki, genetik olaraq, atam da 70-72 kq çəkidədir. Mən də bu çəkiyə uyğunam və illərdir qalmağı bacarıram. Çox yeməyi də sevən adam deyiləm. Ona görə də mənə eyni çəkidə güləşmək daha rahatdır.
- Bacarırsınız, yoxsa mübarizə aparırsız?
- Hazırda mübarizə aparıram, çətindir (gülür - red.). Çünki yaş da gedir. Elə o çəkidə qalmağın özü böyük mübarizədir.
- Əvvəllər bəs necə?
- Əvvəllər gənc idim, çəki saldıqda o qədər də çox hiss etmirdim. Sürətli bərpa prosesi keçirdi. Amma indi bərpa prosesi elə deyil. Məsələn, Həsrət Cəfərovu, Nihat Məmmədlini götürsək, 22 - 23 yaşları var. Onların və mənim bərpa prosesim fərqlidir. Üst-üstə gəlmir. Yəni məndə daha gecdir. Ona görə mübarizə aparıram.
"Hazırkı məqsədim 5 qat dünya çempionluğudur"
- Karyeranızı sonlandırmaq istəyiniz üçün hələ tez deyil?
- Xeyr, düşünürəm ki, tez deyil. Artıq 34 yaşım var. Amma hazırda qarşıma qoyduğum məqsəd 5 qat dünya çempionluğudur. Ondan sonra artıq nə isə deməyə dəyər. Hələlik hədəfim budur. 2025-ci ildə bürünc medal qazansam da, 2024-cü ildə ardıcıl 3-cü, ümumilikdə 4-cü dəfə dünya çempionu oldum. Ardıcıl 7 ildir ki, dünya çempionatlarından medallarla qayıdıram. Bunun özü də bir rekorddur.
- Demək olar hər dəfə eyni medal uğrunda mübarizədə rəqibləriniz eyni ölkələrdən olur. Yəni bu baxımdan da bəzən udursunuz, bəzən isə uduzursunuz...
- Bu, onsuz da güləş ölkələrində belədir. Olur, axırıncı dünya çempionatında da uduzmuşdum. Demək olar ki, yunan-Roma güləşində bütün çəkilərdə belədir. Bütün komandaları götürəndə aşağı-yuxarı Rusiya, İran, Gürcüstan olur. Son zamanlar Türkiyə pəhləvanları bir az zəifləyib. Amma onlar da o siyahıda idi. Bu ölkələr daha çox üstünlük təşkil edir.
- Builki dünya çempionatında da medal qazanmaq ehtimalınız böyükdür. Bəs qızıl medal qazana bilməsəniz, bu, karyeranızı bitirmək qərarınızı ertələməyə səbəb ola bilər?
- O barədə nə isə demək üçün tezdir. Həmişə çox uzun vədəli planlar qurmuram. Hər zaman qarşıma qoyduğum məqsədə çatmamış o biri məsələ haqqında düşünmürəm. Hazırda qoyduğum məqsəd 5 qat dünya çempionluğudur. Nə desəm, indi düşünürəm ki, real olmayacaq. Çünki o zaman nə qərar verəcəyimi ondan sonra düşünə bilərəm. Amma hazırda o barədə düşünmürəm ki, qızıl medal qazanmaya bilərəm. Düşünürəm ki, qazanacağam!
Elşən MƏMMƏDOV






















































































