Azərbaycanın taekvondo üzrə kişilərdən ibarət yığma komandası dekabrın 1-də Meksikanın paytaxtı Mexikoya səfər edəcək. Sportnet.az-ın məlumatına görə, yığma komanda Mexikoda keçiriləcək Qran-Pri turnirinin final mərhələsində və dünya kübokunda çıxış edəcək.
Qran-Pridə Azərbaycanı yalnız bir idmançı təmsil edəcək. Rusiyanın paytaxtı Moskvada start verilən və ardıcıl olaraq Türkiyənin Samsun, İngiltərənin Mançester şəhərlərində davam edən Qran-Pridə Radik İsayev (80 kq) mübarizəyə qatılacaq.
Bir gün fasilədən sonra isə dünya kubokunun startı veriləcək. Dekabrın 9-dək Dünya Taekvondo Federasiyası (DTK) tərəfindən təşkil edilən yarışa, baş məşqçi Reza Mehmandosut və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Milad Beigi Hərçəqani, Səid Quliyev, Ayxan Tağızadə, Sina Bahrami, Məhəmməd Məmmədov və Radik İsaev qatılacaq.
Yarışlarda hakim qismində Azərbaycanı beynəlxalq dərəcəli hakim Oh Kvanq Ceol təmsil edəcək. Komanda dekabrın 13-də vətənə dönəcək.