
Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında bu gün qadın güləşçilər arasında 5 çəki dərəcəsində medal görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçiləri bu çəkilərdən 3-də fəxri kürsü uğrunda mübarizə aparıb.
Türkan Nəsirova və Elmira Qəmbərova gərgin keçən görüşlərdə müvafiq olaraq Ukrayna və Rusiya təmsilçilərinə məğlub olub. Lakin rəqibləri finala yüksəldiyi üçün onlar bu gün bürünc medal uğrunda güləşib. Nəsirova türkiyəli rəqibinə də uduzaraq, medalsız qalıb. Əvəzində Qəmbərova ukraynalı rəqibinə qalib gələrək Avropa 3-cüsü olub.
Dünya 3-cüsü İrina Netreba bu dəfə gücünü 68 kq-da sınayıb. Debütdə sonuncu xal prinsipinə əsasən belaruslu rəqibinə qalib gələn Netreba 1/4 finalda Bolqarıstan güləşçisini minimal fərqlə üstələyərək adını yarımfinala yazdırıb. Lakin finalın bir addımlığında o, son dünya çempionuna müqavimət göstərə bilməyib. Netreba bu gün bürünc medal görüşündə İsveç təmsilçisinə də yenilib.
Ötənilki Avropa çempionatında bürünc medal qazanmış Səbirə Əliyeva startda Belarus idmançısı üzərində inamlı qələbə qazanıb. Lakin o, daha sonra macarıstanlı rəqibi ilə bacarmayıb.
50 kq
1/4 final - Türkan Nəsirova - Oksana Livaç (UKR) 8:10
Bürünc medal görüşü - Türkan Nəsirova - Evin Demirhan (TUR) 3:10
59 kq
1/4 final - Elmira Qəmbərova - Svetlana Lipatova (RUS) 2:4
Bürünc medal görüşü - Elmira Qəmbərova - Angelina Lisak (UKR) 11:6
68 kq
Təsnifat - İrina Netreba – Yevgeniya Andreyçikava (BLR) *1:1
1/4 final - İrina Netreba - Sofiya Xristova Georgieva (BUL) 3:2
1/2 final - İrina Netreba - Alla Çerkasova (UKR) 0:10
Bürünc medal görüşü - İrina Netreba - Anna Fransson (SWE) 2:5
76 kq
1/8 final – Səbirə Əliyeva – Natalya Lanko (BLR) 5:0
1/4 final - Səbirə Əliyeva - Şanet Nemet (HUN) 1:7