"Çox sevinirə, olimpiadaya lisenziya qazandım. 26 ildir güləşlə məşğulam. İlk dəfə bu uğura imza atıram. Bunun üçün uzun müddət gözləməli oldum. Ona görə də bu nailiyyət mənim üçün çox dəyərlidir".
"Report"un məlumatına görə, bu fikirləri Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dünya Olimpiya Təsnifat Turnirində finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.
77 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, ötən il Avropa Olimpiya Təsnifat turniri ərəfəsində çəkisini 77 kq-a salıb: "Amma son anda Budapeştdəki yarış təxirə salındı. Bir müddət karantinlə bağlı evdə fərdi məşq etməli olduq. O zaman çəkim yenidən artdı. Həmin vaxt 87 kq-a keçməyi düşünürdüm. Çünki çəkim 89 kq-a kimi artmışdı. Sonra belə məsləhət oldu ki, aşağı çəkidə özümü sınayım. Xəstələndiyim üçün Fərdi Dünya Kubokunda iştirak edə bilmədim. Ondan sonrakı müddətdə çəkimi salmağa başladım. Son 4 ayda çəkimi xeyli saldım. Artıq Dünya Olimpiya Təsnifat turnirinə 20 gün qalmış 78-78,5 kq çəkidə idim. Çəkisalma ilə bağlı ən çətin dövr fevral-mart aylarında oldu. Ondan sonra bu barədə hər hansı çətinliyim olmadı. Artıq 77 kq-a tam öyrəşmişdim".
33 yaşlı güləşçi yarışa çox yaxşı hazırlaşdığını vurğulayıb: "Göygöldə fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçdik. Federasiya rəhbərliyi də orada məşqlərimi diqqətlə izləyirdi. ABŞ-dan dəvət olunmuş mütəxəssisin rəhbərliyi altında fiziki məşqlər keçdik. Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Yığmanın məşqçilər korpusunun üzərimizdə əziyyəti böyükdür".
Hüseynov federasiyanın rəhbəri Namiq Əliyevə xüsusi təşəkkürümü bildirib: "Daim bizim qayğımıza qalıb. Məşqlərimizi yaxından izləyir və nəzarətdə saxlayırdı. Yarımfinalda sekundantım olan Həsən Əliyevə təşəkkürümü bildirirəm. O da sanki mənimlə 6 dəqiqə ərzində güləşdi. Həmçinin baş məşqçimizə və böyük məşqçimiz Rövşən Bayramova minnətdaram. Onlar həm görüşlər zamanı, həm də çəkisalma zamanı mənə dəstək oldular. Bu işdə həkimimiz Vüqar, masajçımız Seymurun əməyi də danılmazdır".
Yarışdakı çıxışına da toxunan idmançı görüşlərin çətin keçdiyini söyləyib: "Ən çətin qarşılaşma yarımfinalda oldu. Rəqibim serbiyalı dünya çempionu idi. Qarşıma hədəf qoymuşdum ki, ayaqüstə güləşərkən xallar alım. Çünki bilirdim ki, rəqib passiv xallarla qalib gəlməyə çalışacaq. Nəyi hədəfləmişdimsə, ona da çatdım. Ayaqüstə xallar aldıqdan sonra 6 dəqiqə ərzində döyüşdüm. Görüşü bacardığım qədər nəzarətdə saxladım".
Hüseynov Tokio olimpiadasında medal qazanmağı və bunu atasına hədiyyə etməyi düşünür: "Allaha şükürlər olsun ki, Ramazan ayında bu uğuru mənə nəsib etdi. Atama dünya və Avropa çempionatlarının, Dünya Kubokunun, Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının və digər yarışların medallarını hədiyyə etmişəm. Yalnız olimpiya medalı verməmişəm. Arzum odur ki, atama bu medalı da hədiyyə edim. Onun üzərimdəki 25-26 illik əziyyəti hədər getməsin. O əziyyətinin bir qismini qaytara bilim”.