"Karateçilərimiz hər yarışda çempionluğa layiqdirlər".
Bunu Sportnet.az-a açıqlamasında kişi karateçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Qurban Tağıyev Bakıda keçirilmiş Premyer Liqa turniri barədə danışarkən deyib.
Mütəxəssis bu nəticəni gözləmədiklərini bildirib: "Premyer Liqa dünya çempionatından güclü yarış hesab olunur. Biz maksimum 2 qızıl medala ümid edirdik. 4 medal qazanacağımızı hardasa gözləmək olardı. İdmançılarımız hər an medal üçün mübarizə aparılar. Sadəcə, hər çəkinin öz liderləri var. Asiman Qurbanlı 84 kq-dan yuxarı çəki dərəcəsində, İrina Zaretska isə 68 kq-da liderlərdən hesab olunur. Bu yarışda da etimadı doğrultdular".
Tağıyev turnirdə medal qazanmayan karateçilərdən də razı qaldığını söyləyib: "Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Nəzərə almaq lazımdır ki, tatamiyə çıxan idmançıların əksəriyyəti gənclərdən ibarət idi. Demək olar ki, komandanı yeniləyirik. Titullu idmançlarımızdan Rafael Ağayev tatamiyə çıxsaydı, ondan da çempionluq gözləyəcəkdik. Təəssüflər olsun ki, o, iştirak etmədi. Buna baxmayaraq idmançılarımız öz sözlərini dedilər".
Baş məşqçi Premyer Liqanın digər yarışlardan çətin keçdiyini sözlərinə əlavə edib: "Karatedə Premyer Liqa futboldakı Çempionlar Liqası deməkdir. Dünya çempionatında hər çəkidə ölkənin bir təmsilçisi iştirak edir. Bu yarışda isə bir ölkənin reytinqcə üstün bir neçə karateçisi tatamiyə çıxa bilər. Bu səbəbdən, çətin yarışdır. Bakıda da reytinqcə güclü olanlar iştirak edirdi".
Qeyd edək ki, Premyer Liqada Əminağa Quliyev (60 kq), Asiman Qurbanlı (+84 kq) və İrina Zaretska (68 kq) qızıl, Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) bürünc medal qazanıblar.