
"Qarabağ"ın yeni transferi Emmanuel Addai Ağdam klubuna keçidini şərh edib.
Sportnet.az xəbər verir ki, qanalı hücumameyilli yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında Azərbaycan çempionunun təklifini qəbul etməsinin səbəbini deyib.
23 yaşlı vinger komandanın avrokuboklardakı çıxışından xəbərdar olduğunu söyləyib: “Qarabağ”ın təklifi ürəyimcə oldu. Çünki bu komanda illərdir ölkə çempionu olur və avrokubokların qrupunda müntəzəm çıxış edir. Əlbəttə ki, bu amillər seçimimdə həlledici rol oynadı. İspaniyadan sonra yeni macəraya atılmaq qərarına gəldim. Komandanın daha uğurlu nəticələr qazanmasına töhfə verməyə çalışacağam”.
Qeyd edək ki, İspaniyanın “Alkorkon” klubundan transfer edilən Emmanuel Addai “Qarabağ”la 3 illik müqavilə imzalayıb.