
UEFA Avropa Liqasının Liqa mərhələsində "Qalatasaray" Kiyev "Dinamo"su (Ukrayna) ilə bərabərə qalıb.
Sportnet.az xəbər verir ki, VII turun açılış oyununda 3:3 hesablı məhsuldar heç-heçə qeydə alınıb.
“Ali Sami Yen Spor Kompleksi”ndə keçirilən matçda meydan sahiblərinin heyətində Davinson Sançez (6), Abdülkerim Bardakçı (21) və Viktor Osimhen (53) fərqlənib. Qonaq komandanın heyətində isə Vladislav Vanat (45) və Andrey Yarmolenko (68, 81) adını tabloya yazdırıb.
"Qalatasaray" 13-cü xalını qazanaraq turnir cədvəlində 5-ci sırada yer alıb. Bu mövsüm ilk xalını əldə edən "Dinamo" isə sonuncu - 36-cı pillədə qərarlaşıb.
-------------------------------------
Bu gün Türkiyənin "Qalatasaray" komandası UEFA Avropa Liqasında VII turun oyununa çıxacaq.
Sportnet.az-ın məlumatına görə, turun açılış matçında rəqib Ukraynanın "Dinamo Kiyev" klubu olacaq. İstanbuldakı "RAMS Park"da Bakı vaxtı ilə saat 19:30-da başlanacaq görüşü estoniyalı baş hakim Kristo Tohver idarə edəcək.
İndiyədək Liqa mərhələsində uduzmayan "Qalatasaray" 6 oyundan 12 xalla 6-cı, bütün görüşlərini məğlubiyyətlə başa vuran xalsız "Dinamo Kiyev" isə sonuncu - 36-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, Avropa Liqasında mübarizə aparan Azərbaycan təmsilçisi "Qarabağ" VII tur matçını yanvarın 23-də Bakıda Rumıniyanın FKSB komandasına qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də başlanacaq.