“İnanıram ki, Juninyo “Flamenqo”da hər cəhətdən fərqlənəcək və Braziliyada bir çox insanı yaxşı mənada təəccübləndirəcək”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda keçmiş komanda yoldaşı Juninyonun ölkəsinin “Flamenqo” komandasına keçidi ilə bağlı danışarkən deyib.
O, 28 yaşlı hücumçunun müdafiəçilərdən topu oğurlayaraq finişə çatmaq qabiliyyətinə malik olduğunu bildirib: “Onun ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna vurduğu qol bunun ən yaxşı nümunəsi ola bilər. Həmin an Juninyo topu peşəkarcasına oğurladı və ötürmə etdi. Daha sonra isə komandamızın digər üzvü Patrik Andradenin assisti ilə topu rəqibin qapısına doğru ustalıqla daşıdı və əla qol vurdu. Ümumiyyətlə, Juninyo topa çox yaxşı nəzarət edə bilən futbolçudur”.
35 yaşlı oyunçu Juninyonun yeni klubunda ötən mövsüm Braziliya çempionatının bombardirlərindən biri olmuş Pedro ilə birlikdə mükəmməl iş görə biləcəklərini söyləyib: “Pedro ciddi zədə almasına baxmayaraq, 43 oyunda 30 qol vurub. O, meydanda çox qaçan oyunçudur. Juninyo da çox hərəkətli futbolçudur. O, müdafiəçilərin arxasına keçmək üçün yarımmüdafiədə boşluqlar açmağı bacarır. Düşünürəm ki, onlar fərdi bacarıqları ilə meydanda bir-birilərini tamamlaya bilərlər”.
R.Almeydanın sözlərinə görə, İspaniyanın “Sevilya” klubu Juninyonun transferində maraqlı və israrlı olsa da, hücumçu ürəyinin səsini dinləyərək, Braziliya təmsilçisinə keçməyə qərar verib: “Həmin ərəfələrdə Juninyo ilə bu məsələləri birlikdə müzakirə edirdik. "Sevilya” həqiqətən də onu heyətinə qatmaq istəyirdi. Juninyo da belə nüfuzlu klubda çıxış etmək üçün həvəsli idi. Amma “Flamenqo”dan təklifin gəldiyi gün fikirlərinin qarışdığını və nə edəcəyini bilmədiyini söylədi. Mən isə ona dedim ki, öz vətəninə gedirsən və əmin ol ki, evinə çatanda Allah sənə ən yaxşı yolu göstərəcək. Nəticədə o, çox götür-qoy etdikdən sonra Braziliyaya getməyin doğru yol olduğuna qərar verdi. Fikrimcə, bu, onun üçün əla seçimdir. Juninyo istedadını orada da göstərəcək, özünü sübut edəcək. Əgər baş məşqçinin təlimatlarını yerinə yetirə bilsə və komandaya tez bir zamanda uyğunlaşsa, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Juninyo "Flamenqo" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. O, Ağdam təmsilçisinin heyətində 80 oyunda 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.